Türkiyə ilə Yunanıstan arasında bir neçə ərazi üzərində iddialar səbəbilə gərginlik artmaqdadır. Təhlilçilər deyir ki, bu ölkələr tarix boyu bu cür gərginlikləri idarə etməyi bacarıblar. Onlar deyir ki, yaxından gələn Yunanıstan və Türkiyə seçkilərində onların bu məsələdəki məharətləri sınağa çəkiləcək, belə ki, hər iki liderin seçkidən öncə millətçi hisslərə xitab edəcəyi gözlənilir.
Türkiyə ordusu illik hərbi təlimlərində qonşu yunan adalarına yaxın məsafədə amfibiya enişləri həyata keçirir.
Eyni zamanda isə Yunanıstan ordusunu müasirləşdirməyə davam edir və rəqibi olan Türkiyə ilə arasındakı fərqi aradan qaldırır. Bu arada isə iki ölkə arasında Egey və Aralıq dənizlərində saysız-hesabsız ərazi iddiaları səbəbilə gərginlik artır.
“Zənnimcə hazırda Türkiyə ilə Yunanıstan arasındakı münasibətlər rəsmi səviyyədə çox gərgindir, həm şərqi Aralıq dənizi ərazisində dəyişən balans həm də, məncə, Türkiyənin ölkədaxili siyasəti səbəbilə, çünki Türkiyə indi müəyyən dərəcədə daha birtərəfli millətçi xarici siyasət yürütməkdə maraq görür”, Sabancı Universitetindən Sənəm Aydım-Düzgit deyir.
Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyasındakı çıxışında bildirib ki, Türkiyə qüvvələri bir gün Ankaranın hərbsizləşdirilməsini tələb etdiyi Yunan adalarına daxil ola bilər.
Bu arada isə Yunanıstanın baş naziri Nikos Dendias bu yaxınlarda Ukraynaya səfəri zamanı Türkiyəni Rusiyaya bənzədib.
Hər iki tərəfin bu təhrikedici şərhləri iki ölkənin döyüş təyyarələrinin müntəzəm olaraq bir-birinin ərazisinə daxil olduğu bir vaxta təsadüf edir.
“Sabah və ya başqa hər hansı bir gün Türkiyə təyyarələri və ya donanma gəmisi və ya bizim sərhəddəki tanklarımız atəşə tutulsa, Türkiyə cavab verməli olacaq. Ancaq bu cavab tədbiri eksalasiyaya gətirib çıxara bilər və beləcə müharibəni başlada bilərsən, amma bitirə bilməzsən,” Türkiyə prezidentinin müşaviri Mesut Casin deyir.
Ancaq bu iki NATO üzvü arasında gərginlik və təhdidlərin olması yeni bir hal deyil.
Lakin onlar əlaqə də saxlayırlar. Belə ki, Türkiyə Müdafiə naziri Hulusi Akar həmkarı Nikolaos Panaqotopulosu Türkiyəyə dəvət edib.
Müşahidəçilər deyir ki, iki ölkə aralarındakı gərginlikləri idarə etməkdə mahirdir.
“Keçmişdə qəzalar olub, problemlər olub və, şükür olsun ki, heç biri genişmiqyaslı qarşıdurmayla nəticələnməyib. Hər iki tərəfin qəza kimi vəziyyətləri həll etmək üçün mexanizmləri və həll yolları var. Bir və ya digər tərəfdən məsələni müharibə səviyyəsinə çatdırmaq üçün siyasi iradə olmasa, hər hansı qəza ehtimalını görmürəm, Kadir Has Universitetindən Serhat Güvenc deyir.
Ancaq seçki siyasəti məsələni çətinləşdirən bir amildir və hər iki liderin gələn il seçkilərdə çətinliklərlə üzləşəcəyi proqnozlaşdırılır.
“Həm Türkiyə həm də Yunanıstanda gələn il seçkilərin keçirilməsi çox əhəmiyyətlidir. Hər iki lider, demək olar ki, ictimaiyyəti mümkün millətçi hərəkata, qarşıdurmaya və ya hətta toqquşmaya hazırlaşdırır,” Brukinqs İnstitutundan Aslı Aydıntaşbaş deyir.
Türkiyə və Yunanıstan onilliklər boyu ikitərəfli gərginlikləri idarə etmək təcrübəsinə malikdir. Bu təcrübə iki ölkə seçkiyə hazırlaşdığı bir vaxt sınaqdan keçəcək.