Accessibility links

Azərbaycan və ABŞ arasında turizm üzrə əməkdaşlıq müzakirə edilib


Fuad Nağıyev və Hüqo Qevara (Foto Dövlət Turizm Agentliyinin səhifəsindən götürülüb)
Fuad Nağıyev və Hüqo Qevara (Foto Dövlət Turizm Agentliyinin səhifəsindən götürülüb)

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında turizm üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan Dövlət Turizmi Agentliyinin məlumatına görə, müzakirəni oktyabrın 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara aparıb.

Görüşdə birbaşa uçuşlar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi müzakirə edilib, eyni zamanda Dövlət Turizm Agentliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə (USAID) “Özəl Sahibkarlığa Dəstək” layihəsi çərçivəsində əməkdaşlıq, xüsusilə kənd turizmi, aqroturizm və qastroturizm imkanlarının inkişafına yönəlmiş layihələr haqqında fikir mübadiləsi aparılıb.

Fuad Nağıyev regional turizmin inkişafının prioritet istiqamət olduğunu, 2019-cu ilin rəqəmləri ilə müqayisədə turizmin təxminən 50 faiz bərpa olunduğunu, hədəf bazarların xüsusiyyətləri nəzərə alınaraq müvafiq marketinq fəaliyyətləri həyata keçirildiyini bildirib.

Hüqo Qevara Amerika şirkətlərinin Azərbaycanın turizm infrastrukturuna investisiya qoyuluşunda maraqlı olduqlarını diqqətə çatdırıb. Müvəqqəti işlər vəkili Azərbaycanda müasirlik və tarixiliyin uğurla vəhdət təşkil etdiyini vurğulayaraq amerikalı turistlər arasında Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib.

XS
SM
MD
LG