Accessibility links

AXCP Bakıda aksiya keçirməyə cəhd edib, saxlanılanların olduğu bildirilir


AXCP Bakıda aksiya keçirməyə cəhd edib
AXCP Bakıda aksiya keçirməyə cəhd edib

Oktyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında planlaşdırılan etiraz aksiyasında onlarla aksiya iştirakçısının polis tərəfindən saxlanıldığı bildirilir.

Aksiya iştirakçıları “Azadlıq”, “İstefa”, "Azad seçki", "Siyasi məhbuslara azadlıq" şüarları səsləndirib. Saxlanılanlardan bəziləri polis zorakılığı ilə üzləşdiklərini, hətta avtomobilə zorla mindirildiklərini bildiriblər.

Polis aksiyadan öncə bəzi fəalları evindən götürüb. Onların içində ADR üzvü Ənvər Ağamalızadə, AXCP üzvü Firəngiz Məmmədhüseynova da var.

Ənvər Ağamalızadə səhər saatlarında polis əməkdaşları tərəfindən evindən götürülərək aparılıb.

ADR Partiyasının bu barədə yaydığı məlumatda bildirilir ki, onun hara aparıldığı barədə məlumatları yoxdur. Partiya Ənvər Ağamalızadənin dərhal azad edilməsini tələb edib.

Saxlanılanlar barədə Daxili İşlər Nazirliyindən hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə aksiya keçirməyi planlaşdırıb. Təşkilatçıların müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilib.

Bununla belə, AXCP aksiyanın keçiriləcəyini bəyan edib.

XS
SM
MD
LG