Accessibility links

Azadlığa çıxan Demokratiya 1918 Hərəkatının sədri: "İçəridə əsgərliyə göndərilməklə bağlı təhdidlər almışam"


Əhməd Məmmədli
Əhməd Məmmədli

Oktyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli 30 sutkalıq inzibati həbs cəzası bitdiyi üçün azadlığa buraxılıb. Hərəkatın sədri Amerikanın Səsinə müsahibəsində bildirib ki, o İlham Əliyevi tənqid etdiyi üçün və sülh çağırışı ilə bağlı statuslar yazdığına görə həbs olunacağını gözləməyib:

“Ümumiyyətlə statusları yazanda həbs gözləmirdim, xəbərdarlıq, sildirmək üçün bölməyə aparılma gözləyirdim. Əslində məni bölməyə o adla çağırdılar ki, gəl bu statusları sil, 9-cu bölmədən məni oğurlayandan sonra. Mən də dedim ki, mən onları silmək üçün yazmamışam, siləsi deyiləm, məcbur elədilər, zorakılıq oldu. İmtina edəndən sonra haqqımda inzibati protokol tərtib elədilər, yolladılar məhkəməyə.”

Əhməd Məmmədli saxlanılarkən polislərin zorakılığına məruz qaldığını deyib. Hərəkat sədri onun hərbi xidmətə göndəriləcəyi ilə bağlı xəbəri azadlığa çıxandan sonra eşitdiyini deyib, lakin həbsdə bununla bağlı təhdid aldığını bildirib.

Azadlığa çıxan Demokratiya 1918 Hərəkatının sədri: "İçəridə əsgərliyə göndərilməklə bağlı təhdidlər almışam"
please wait

No media source currently available

0:00 0:01:59 0:00

“İçəridə bununla bağlı təhdid alırdım, yəni “bu neçə ildə elədiklərinin və hazırda yazdıqlarının bir növ cəzası kimi ki, sən necə humanizm göstərirsən, solçuluq edirsən, sülhdən danışırsan biz də sülhdən danışan adam kimi səni göndərəcəyik ön cəbhəyə”. Bu barədə qərarımı tam araşdırandan sonra açıqlayacam,” Məmmədli bildirib.

Hərəkat sədrinin sözlərinə görə, o dövlətin hərbi xidməti cəza kimi istifadə etməsini mənfi dəyərləndirir və Hərəkat olaraq icbari hərbi xidmətin əleyhinə olduqlarını deyib:

“Biz hərəkat olaraq birbaşa peşəkar ordunun yaradılmasının tərəfdarıyıq. Biz bunu ilk dəfə səsləndirəndə də istər-istəməz bu, birmənalı qarşılanmamışdı, mən bunu içəridə də səsləndirəndə bu, birmənalı qarşılanmadı. Düşünürəm ki, bu, bir cəzalandırma mexanizmidir, həyata keçib-keçməyəcək bu haqda geniş məlumata sahib deyiləm, azadlığa indi çıxmışam”.

Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli həbsinin əsassız olduğunu deyib. O deyir ki, bununla bağlı ona təzyiq göstərilib.

Əhməd Məmmədli öz Facebook hesabında sülh çağırışları və İlham Əliyevi tənqid edən bir neçə paylaşımlar edib.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, hansısa vətəndaşın hərbi xidmətə göndərilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələ deyil.

Müdafiə Nazirliyindən Amerikanın Səsinə bildirilib ki, belə məsələlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti baxır. Amerikanın Səsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə yaratmağa çalışsa da, bu mümkün olmayıb.

XS
SM
MD
LG