Accessibility links

Sosial iş və zorakılıq halları ilə çalışanlar təhdidlərlə qarşılaşdıqlarını və polisin buna müvafiq reaksiya vermədiyini deyirlər


Sosial iş və zorakılıq halları ilə çalışanlar təhdidlərlə qarşılaşdıqlarını və polisin buna müvafiq reaksiya vermədiyini deyirlər
please wait

No media source currently available

0:00 0:03:30 0:00

Sənubər Heydərova Sosial Xidmətlər Mərkəzi adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Mərkəz sosial işlə məşğul olur və mərkəzin diqqətdə saxladığı sosial qruplar əsasən narkotik asılılığı, məişət zorakılığına məruz qalmış qadınlar və ya çətin vəziyyətə düşmüş insanlardır. Sənubər Heydərova deyir ki, göstərilən xidmət bəzən birmənalı qarşılanmaya bilər və müəyyən təzyiqlərlə üzləşə bilərsən. Bunlardan birini özü bu yaxınlarda sosial media vasitəsi ilə paylaşmışdı:

“Benefisiarlarımdan biri müraciət etmişdi, bir neçə ay idi ki, onunla işləyirdik. Vəziyyət sabit idi, o vaxta qədər ki, ailəsi onu zorla evdə saxlamağa çalışdı. Təxminən ayın 15-i olardı, o qaçdı evdən və ailəsi Bakıya gəlib onu axtarmağa başladı. Mən həmin gündən etibarən qohumları tərəfindən davamlı təhdidlər almağa başladım, çünki onlar ancaq məni tanıyırdılar”.

Sənubər Heydərova dərhal polisə müraciət edib. Amma dediyinə görə, polis məsələyə qeyri-peşəkar yanaşır:

“4-cü Polis Bölməsinin əməkdaşları zəng elədi və dəvət elədilər. Mən soruşdum ki, siz mənimlə ailəni eyni vaxtda dəvət etmək fikrindəsiniz, yoxsa yox, dedilər ki, yox. Buna baxmayaraq mən səhər vaxtı yenidən əmin olmaq üçün ailə üzvlərinin orada olub-olmadığını soruşdum, onlar dedilər ki, onlar buradadırlar, sizə qarşı ittihamları var və biz istəyirik ki, siz gəlib o ittihamlara cavab verəsiniz. Yazdığım ərizədəki ittihamlar nəzərə alınmayıb, amma onlar orada gəlib şifahi şəkildə hay-küy salıblar, onların ittihamları daha önəmlidir”, deyə Heydərova bildirib.

Peşəsinə görə təhdidə məruz qalanlar yalnız sosial işlə məşğul olanlar deyil, oxşar problemlər məişət zorakılığından əziyyət çəkən qadınları müdafiə edən vəkillərin də başına gəlir. Vəkil Rövşanə Rəhimli deyir ki, o, bir ay öncə müvəkillinin keçmiş həyat yoldaşı barəsində təhqir və təhdidə görə polisə şikayət edib, lakin polis onun şikayətini araşdırmır:

“Adam dedi ki, mən onu çağırıram gəlmir, dedim necə yəni sən çağırırsan gəlmir, tədbir gör. Günü bu günr mənim şikayətim araşdırılmır. Yəni ki, ortada heç bir nəticə yoxdur, nə zəng edib maraqlanmadı həmin sahə müvəkkili, bundan sonra davam edirmi sənin təhdid və təhqir olunmağın, ümumiyyətlə mənə zəng edib demədi ki, mənim şikayətim araşdırıldımı, yəni nəticə nə oldu. Əgər sən peşə fəaliyyətinə görə təhdid olunursansa və bu araşdırılmırsa, bu polisin sənin fəaliyyətinə olan münasibətinin göstəricisidir”.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Sənubər Heydərovanın şikayəti ilə bağlı məsələ polis tərəfindən qanuna müvafiq qaydada icra edilib.

“Qarşı tərəf dəvət olunub, onların iltizamı alınıb və onun həyatı ilə bağlı, onun təhlükəsizliyi ilə bağlı hər hansı bir problem yoxdur. Onun müraciəti ilə bağlı aidiyyəti polis orqanında diqqət mərkəzində saxlanılır”, deyə Hacıyev qeyd edib.

XS
SM
MD
LG