Accessibility links

Hüquq müdafiəçiləri məhkəmələrdə iştirak edə bilmədiklərini deyirlər: "Müxtəlif maneələrlə qarşılaşırıq"


Hüquq müdafiəçiləri məhkəmələrdə iştirak edə bilmədiklərini deyirlər: "Müxtəlif maneələrlə qarşılaşırıq"
please wait

No media source currently available

0:00 0:03:54 0:00

Hüquq müdafiəçiləri məhkəmələrdə iştirak edə bilmədiklərini deyirlər: "Müxtəlif maneələrlə qarşılaşırıq"

Avropa Konvensiyasının 6-cı, Ədalətli Məhkəmə Araşdırması Hüququna görə, məhkəmə icraatının açıq xarakteri tərəfləri ədalət mühakiməsinin gizli, ictimaiyyətin nəzarəti olmadan həyata keçirilməsindən qoruyur; bu da məhkəməyə etimadı qoruyub saxlayan üsullardan biridir.

Avropa İnsan Haqları Konvensiyasına qoşulduğu müddətdən bəri Azərbaycanın Ədalətli Məhkəmə Araşdırması Hüququnu 91 dəfə pozduğu bildirilir.

Hüquq müdafiəçiləri bildirir ki, məhkəmələr açıq keçirildiyi halda onlar müxtəlif bəhanələrlə prosesə buraxılmırlar. Fuad Əhmədlinin sözlərinə görə, hüquq müdafiəçisi kimi bu onun məhkəmədə monitorinq aparmasına maneə törədir və bu tendensiya yalnız siyasi işlərdə nəzərə çarpır:

“Siyasi yüklü işləri birbaşa olaraq Prezident Administrasiyasından sifarişinin gəldiyini iddia etdiyimiz, ehtimal etdiyimiz işləri tədqiq etmək istəyərkən, monitorinq aparmaq istəyərkən müxtəlif tip maneələrlə qarşılaşırıq. Bu maneələrin ən əsası isə özümüzün məhkəmə zalına buraxılmamağımızdır. Hakimin əhvalına uyğun davranılmasıdır, hakimdən konvoylar tərəfindən gedilib icazə alınıb qayıdıldıqdan sonra bizə yox cavabının verilməlisidir ki, hakim uyğun görmədi sizin məhkəmə zalında olunmağınıza”.

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən, dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin qorunması halları istisna olmaqla, Azərbaycan Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır.

“Bir çox hallarda məqsədyönlü şəkildə məhkəmələr salınır məhkəmə inzibati zalında yerləşən ən kiçik zallara, hansı zallarda ki, oturacaq sayı, iştirakçıların otura biləcəyi yer iyirmidən azdır və həminki məhkəmələrə də məhkəmə ilə əlaqəsi olmayan şəxslər gətirilir, onlar süni şəkildə həminki yerləri məşğul etməklə məşğul olurlar”, deyə Fuad Əhmədli bildirib.

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, bu maneələr cəmiyyətin məhkəmələrdə baş verən qanunsuz hallardan informasiya almasınının qarşısını almaq üçün yaradılır:

”Məhkəmələr oyuncaq, məzhəkə funksiyasını yerinə yetirir, qüvvədə olan qanunvericilik tam iqnor edilir və biz hüquq müdafiəçiləri, bütovlükdə media mənsubları açıq keçirilməli olan məhkəmə proseslərinə buraxılmırıq. Məhkəmələrin prosesləri belə qanunsuz və hüquqla bir araya gəlməyən şəkildə baş tutmasına biz təəccüblənməli deyilik. İndiki halda hüquq müdafiə təşkilatı olaraq bizə qalan baş verənləri qeydə alıb, ictimailəşdirmək və yerli və beynəlxalq səviyyədə informasiya təminatını həyata keçirməkdir”.

Məhkəmə-Hüquq Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev Amerikanın Səsinə bildirib ki, şəxslərin məhkəmədə iştirakı Cinayət və Mülki Prosessual Məcəllənin qaydalarına əsasən tənzimlənir.

“Azərbaycanda məhkəmələr qanunun tələblərinə əsasən açıq keçirilir və məhkəmə iclaslarlarında da şəxslərin iştirakı zaldakı yerlərdən asılıdır. Azərbaycanda bununla bağlı hər hansı bir problem yoxdur, yəni elə bir problem görmürük, varsa da konkret fakt üzrə müzakirə oluna bilər. Dediyim kimi, bizdə onunla bağlı belə bir problem hazırda yoxdur, iclaslar açıqdır və şəxslər iclasda əgər yerlər varsa, iştirak edə bilər”.

2020-ci ilin martından Azərbaycanda xüsusi karantin rejimi elan edildikdən sonra açıq keçirilən məhkəmə iclasları pandemiyaya görə qapalı keçirilib. Hazırda Nazirlər Kabineti insanların toplaşması üçün say məhdudiyyətini ləğv etsə də, məhkəmə zallarına məhdud sayda insan buraxılır.

XS
SM
MD
LG