Accessibility links

Azərbaycanın ABŞ-dakı səfiri “Enerji Təhlükəsizliyi Konfransı”nda iştirak edib


Xəzər İbrahim (Rəsmi foto)
Xəzər İbrahim (Rəsmi foto)

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim oktyabrın 11-də ABŞ-ın Pensilvaniya ştatının Neft şəhərində (Oil City) səfirliyin təşkilatçılığı ilə keçirilən “Enerji Təhlükəsizliyi Konfransı”nda iştirak edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, konfransda yerli və qlobal enerji ekspertləri, dövlət və özəl sektor nümayəndələri iştirak edib.

“Konfrans çərçivəsində ştatın neft tarixi ilə zəngin Venanqo bölgəsində yerləşən və ABŞ-da ilk neft quyusunun qazıldığı yeri təmsil edən “Drake Well” muzeyinin qarşısında neft şəhərinin meri Bill Mun və səfir Xəzər İbrahim tədbirin başlanğıcı ilə əlaqədar rəmzi olaraq Neft şəhərinə xas olan xüsusi məşəli alovlandırıb.

Mer Bill Mun Azərbaycanın müvafiq şəhəri ilə Neft şəhəri arasında Qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalamağa hazır olduğunu xüsusi qeyd edib.

Konfransda enerji sahəsində müxtəlif diskussiyalara həsr olunan 4 panel təşkil edilib.

Panellərdə ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Tədqiqatlar mərkəzindən, Hadson İnstitutundan, Konqres Araşdırma Xidmətindən, Vaşinqton İnstitundan və İrs Fondundan nümayəndələr, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, digər dövlət və özəl sektor nümayəndələri çıxışlar edib.

“Hazırkı reallıqlar çərçivəsində neft və qaz hasilatı hövzələrinin gələcəyi” adlı paneldə çıxış edən səfir Xəzər İbrahim Azərbaycanın indiyədək qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfədən və enerji böhranının yaşandığı bir dövrdə ölkəsinin regionda əsas aktorlardan biri olduğundan bəhs edib. ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas sahələrində birinin enerji olmasına baxmayaraq, iki ölkə arasında əlaqələrin digər bütün sahələrdə də inkişaf etdiyi qeyd olunub. Azərbaycanın əsasən neft və qaz ixrac edən ölkə olması ilə yanaşı, hazırda bərpa olunan və alternativ enerji mənbələrindən istifadə ilə bağlı atılmaqda olan önəmli addımlara toxunulub və ərazilərinin işğaldan azad edildikdən sonra bu sahədə potensialın daha da artdığı və həmin bölgənin sıfır emissiyalı əraziyə çevrilməsi istiqamətində ciddi bərpa və yenidənqurma işlərinin aparıldığı xüsusi vurğulanıb," ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında qeyd edilir.

Konfransın rəsmi hissəsindən sonra bütün iştirakçılar üçün Azərbaycan milli kulinariyasının təbliğinə həsr olunmuş mədəni tədbir keçirilib.

XS
SM
MD
LG