Accessibility links

Hüquq müdafiəçisi: "Əhməd Məmmədli azad olunduqdan sonra hərbi xidmətə aparılacaq"


Əhməd Məmmədli, Demokratiya 1918 Hərəkatının sədri
Əhməd Məmmədli, Demokratiya 1918 Hərəkatının sədri

"Müdafiə Xətti" İnsan Haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərovun məlumatına görə, "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədlinin hərbi xidmətə aparılacağı ilə bağlı məlumat alıb. "Saxta əsaslarla inzibati qaydada həbs edilən" Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli azad olunduqdan sonra hərbi xidmətə aparılacaq", deyə hüquq müdafiəçisi qeyd edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, "Müdafiə Xətti" İnsan Haqları təşkilatı bu addımın Əhməd Məmmədlinin siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədiylə edildiyini hesab edir:

Hüquq müdafiəçisi Rüfət Səfərov
Hüquq müdafiəçisi Rüfət Səfərov

“Müdafiə Xətti”nə etibarlı mənbədən daxil olan məlumata görə, Əhməd qanunsuz cəza müddəti bitdikdən sonra o, hərbi xidmətə cəlb ediləcəkdir ki, bunun da siyasi ağırlığı aşkardır. Heç şübhəsiz, bu, Məmmədlinin siyasi fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş bir addım kimi qiymətləndiriləcək və hərbi xidmətə cəlb indiki halda əlavə cəza tədbiri kimi diqqət cəlb edəcək".

“Müdafiə Xətti” hesab edir ki, Əhməd Məmmədlinin timsalında hakimiyyət söz və fikir azadlığına kobud müdaxilə edir, eləcə də cəmiyyətin siyasi həyatında iştirak hüququnu görməzdən gəlir.

"Əhməd rəsmi Bakının hərbi siyasəti ilə barışmır, bu istiqamətdə açıq tənqidi ilə fərqlənir, buna görə də Əhməd tamamilə qurama ittihamlarla inzibati qaydada təqibə məruz qalıb, 1 ay müddətinə həbs edildi. Həbsinə etiraz rəmzi olaraq aclıq aksiyası keçirdi. Bu müddət ərzində Məmmədlinin ailə üzvləri ilə görüş hüququnun tanınmaması və telefon vasitəsilə təmasının əngəllənir", deyə hüquq müdafiəçisi bildirib.

Demokratiya 1918 Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov bildirib ki, hərəkat öz sülh çıxışları ilə fərqlənirdi, onlar bunu sözlə ifadə etmirdi, praktiki də həyata keçirməyə çalışırdı, ona görə də hakimiyyət bunun qarşısını almağa çalışır:

Afiəddin Məmmədov
Afiəddin Məmmədov

"Hakimiyyət Əhmədi hərbi xidmətə göndərməklə demək istəyir ki, ondan icazəsiz heç kim sülh barədə danışa bilməz, yaxud da ondan başqa sülhlə bağlı nəzəri olaraq fikirlər irəli sürə bilməz. İlham Əliyev hakimiyyəti Azərbaycanda sülhü bərpa edəcək tək qüvvə kimi özünü göstərməyə çalışır və buna görə də Əhməd Məmmədlini həbs edərək, onu hərbi xidmətə göndərərək bizim qarşımızı almağa çalışırlar".

İdarə Heyəti üzvü deyir ki, Əhməd Məmmədlini hərbi xidmətə göndərməklə onu təhsil hüququndan da məhrum edirlər. Onun sözlərinə görə, onlar Demokratiya 1918 Hərəkatı olaraq onun hərbi xidmətə göndəriləcəyi təqdirdi Əhmədin qərarının arxasında olacaqlar və Azərbaycan hakimiyyətinin yaradacağı bu presedent onların xeyrinə olmayacaq.

"25 gün öncə, yəni həbsindən əvvəl Əhməd Türkiyədə magistratura təhsili ilə bağlı bilet almağa gedirdi və yolda o mülki geyimli şəxslər tərəfindən oğurlandı, bir neçə saat sonra isə inzibati qaydada həbs olundu. Əhməd təhsilini davam etdirmək üçün Türkiyəyə getməli idi və universitetdə qeydiyyatdan keçməli idi, bunun qarşısını aldılar. İndi də onu heç bir qanuni əsaslar göstərmədən hərbi xidmətə aparılacağı ilə bağlı xəbər alırıq", deyə Məmmədov bildirib.

Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli həbsinin əsassız olduğunu deyib. O deyir ki, bununla bağlı ona təzyiq göstərilib.

Əhməd Məmmədli öz Facebook hesabında sülh çağırışları və İlham Əliyevi tənqid edən bir neçə paylaşımlar edib.

Müdafiə Nazirliyindən Amerikanın Səsinə bildirib ki, belə məsələlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti baxır. Amerikanın Səsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə yaratmağa çalışsa da, bu mümkün olmayıb.

XS
SM
MD
LG