Oktyabrın 10-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır.
Amerikanın Səsinin müxbirinin Strasburqdan verdiyi məlumatına görə, oktyabrın 10-dan 14-dək Strasburqda keçiriləcək payız plenar iclasında həmçinin İrlandiya Prezidenti Maykl D. Higgins, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisin, Albaniyanın Baş naziri Edi Ramanın çıxışları da olacaq.
Payız sessiyasında “Avropa Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin başlamasından yarım il sonra”, “Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanları vasitəsilə taxıl ixracı” və “Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar” mövzularında da müzakirələrin keçirilməsi ilə bağlı müraciətlər də var.
Bundan başqa bu həftə Azərbaycan üzrə həmməruzəçinin də seçiləcəyi gözlənilir.
Qərbi Balkanlar üçün Avropa perspektivi, islamafobiya və ya anti-müsəlman irqçiliyi, peyvənd ayrı-seçkiliyi və İrlandiya adasında "Brexit"in insan hüquqlarına təsiri ilə bağlı müzakirələr də nəzərdə tutulur. Assambleyada həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın öhdəliklərinə əməl etməsi ilə bağlı müzakirələr də gözlənilir.
Assambleya eyni zamanda, Şengen İnformasiya sistemindən bəzi dövlətlər tərəfindən siyasi motivli sanksiya kimi sui-istifadə, idmanda qadınlara qarşı ayrı-seçkilik, sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, miqrasiya idarəçiliyinin qeyri-qanuni tədbirlərlə bağlı hesabatların müzakirəsi də təklif olunub.
Payız sessiyasında Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva iştirak edəcək.
Sessiya oktyabrın 14-də başa çatacaq.