Oktyabrın 5-də övladlarına şəhidlik statusu verilməyən valideynlər Milli Məclisin qarşısında etiraz aksiyası keçiriblər. Valideynlər bildiriblər ki, övladları müxtəlif vaxtlarda döyüş şəraitində həyatlarını itirsələr də, onlara illərdir bu status verilmir.
Həlak olan hərbçi Rəşid Babayevin anası Sürəyya Babayeva deyir ki, onlar indiyədək müxtəlif qurumlara şəhidlik statusunun verilməsi ilə bağlı ərizə ilə müraciət ediblər. O, işə baxılmadığı bildirib:
“İki dəfə məhkəməyə müraciət etmişəm, işə baxılmır. Bu iki il ərzində döymədiyimiz qapı olmayıb. Dəfələrlə dövlət qurumlarına, Milli Məclis deputatlarına müraciət etmişəm, amma nəticə yoxdur”.
Həlak olan digər əsgər İlkin Zöhrabovun anası Səriyyə Zöhrabova bildirib ki, oğlundan başqa heç kimi yox idi, heç kim indiyədək onunla maraqlanmayıb:
“Oğlumun 19 yaşı var idi, tərxis olunmasına 8 gün qalmışdı. Evə gəlməyinə 8 gün qalmış əsgər özünü arxadan vura bilər? Cənab Prezident, mən buna necə dözüm? Mənim səsimə səs verin”.
Həlak olan hərbçi Hüseyn Bayramovun atası Ruslan Bayramovun sözlərinə görə, onun da oğluna şəhidlik statusu verilmir.
“Bir ilin əsgəri idi, ailənin tək uşağı, 3 aydır “post”da vurublar. Gətirib atıblar evə. Hələ 3 aydır heç kim qapımı açıb heç nə deməyib. Deyirlər hələ iş gedir, gətirsinlər mənə oğlumu versinlər. Heç kim maraqlanmır. Araşdırsınlar ki, bizim balalarımızı kim öldürüb, “post”da vurublar”, deyə Bayramov bildirib.
Daha sonra onların qarşısına Milli Məclisin vitse-spikeri Adil Əliyev çıxıb. O bildirib ki, şəhidlik statusu ala bilməyən şəxslərin hər birinin işi müstəqil formada, ayrı-ayrılıqda həll olunmalıdır:
“Onlar ki, döyüş şəraitində şəhid olmayıblar, qanunvericilik aktlarına uyğun olaraq hər adam şəhidlik statusu ala bilmir. Bura yığışanların yaxınları, hər biri ayrı-ayrı şəraitlərdə dünyasını dəyişib. Eləsi var ki, öz-özünü vurub, ona nəyə görə şəhidlik statusu verilməlidir?”.
Deputat bildirib ki, bir neçə müraciət artıq öz həllini tapıb, valideynlər də bununla razılaşıblar. Adil Əliyev müraciət edən valideynlərin ayrı-ayrılıqda qəbul ediləcəyi vədini verib.