Accessibility links

Azərbaycanda "Avropa Gənclər İli" başlayır


"Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Avropa Gənclər İli" ilə bağlı kampaniyaya başlayır".

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko oktyabrın 5-də mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Aİ Azərbaycanda gənclər kampaniyasına start verib.

Səfir qeyd edib ki, Aİ bu ili gənclərin koronavirus pandemiyası zamanı üzləşdiyi problemlərə görə "Gənclər İli" elan edib: "Məqsədimiz hökumət, təhsil müəssisələri və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı inkişaf etdirməkdir. İndi bununla bağlı canlanma olduğuna görə fəxr edirik. Getdikcə daha çox müəllim və tələbə "Erasmus+" layihələrində iştirak edir".

Peter Mixalko qeyd edib ki, Avropa İttifaqı (Aİ) təhsil və məşğulluq sahələrində Azərbaycan gənclərini dəstəkləməkdə davam edir.

"Kampaniya çərçivəsində gənclər üçün bir neçə tədbirlər keçirilib. Aİ 2022-ci ili "Gənclər ili" elan edib. Biz bu kampaniya çərçivəsində gənclərin təhsili və məşğulluğu üçün bərabər imkanlar yaratmağı planlaşdırırıq. Pandemiyaya qədər dövr ərzində "Erasmus+" mübadilə proqramı çərçivəsində 3 500 azərbaycanlı tələbəyə təqaüd verilib. Bu il biz bu göstəricini artırmışıq. Ötən il 500 tədris müəssisəsi bizim kredit proqramımız çərçivəsində kreditlərdən yararlanıb" - deyə, o bildirib.

Peter Mixalko əlavə edib ki, bu proqram təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də baş tutacaq.

"Bölgələrdə 10 mindən çox uşaq və valideyn uşaqların erkən yaşda inkişafı barədə maariflənmə proqramına cəlb olunub. Həmçinin bölgələrdən 885 nəfər peşə tədrisi alıb", səfir qeyd edib.

Səfirin sözlərinə görə, "Avropa Gənclər İli" çərçivəsində yaxın həftələrdə Bakıda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır və bu kampaniya oktyabrın 28-də başa çatacaq.

Səfir Aİ-nin dəstəyini ərazilərin minalardan təmizlənməsinə də yönəltdiyini diqqətə çatdırıb.

Tədbirdə "Young European Ambassadors" təşkilatının ölkə üzrə əlaqələndiricisi Nazənin Cavadova, Avropa gənclər səfiri Leyla Tağıyeva, layihə qrupunun rəhbəri İdat Erdener də iştirak edib .

Qeyd edək ki, Aİ-nin "Avropa Gənclər ili" kampaniyası çərçivəsində Azərbaycanda 13 layihənin icrası planlaşdırılır.

XS
SM
MD
LG