Prezident Co Bayden çərşənbə axşamı deyib ki, baş örtüyünü düzgün örtmədiyi üçün ölkənin əxlaq polisinin həbs etdiyi gənc qadının ölümünə qarşı keçirilən nümayişlər zamanı etirazçılara hücum etdiyinə görə, ABŞ bu həftə İran hökumətə "əlavə xərclər" tətbiq etməyi planlaşdırır.
Bayden Tvitter hesabında ABŞ-ın Tehran hökumətinə qarşı hansı addımları atacağı barədə ətraflı məlumat verməyib.
O, "ABŞ cəsarətləri ilə dünyaya ilham verən iranlı qadınların və İran vətəndaşlarının yanındadır. Biz iranlıların sərbəst şəkildə etiraz etmək hüquqlarını dəstəkləməyə davam edəcəyik" yazıb.
Ağ Ev 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazları zorakı yolla yatırmasına görə, ikinci gündür İranı tənqid edir.
Bazar ertəsi Baydenin mətbuat katibi Karin Jan Pyer jurnalistlərə deyib: "Təhlükəsizlik orqanlarının universitet tələbələrinin dinc etirazlarına zorakılıq və kütləvi həbslərlə cavab verməsi xəbərləri bizi narahat edir və təşviş yaradır".
İranın ali dini lideri Ayətulla Əli Xameneyi Əmininin ölümündən sonra geniş yayılmış etirazların "adi iranlıların" hərəkətləri deyil deyib. O, ABŞ və İsraili nümayişləri planlaşdırmaqda ittiham edib.
Artıq üçüncü həftədir ki, etiraz aksiyaları polis və təhlükəsizlik qüvvələri tərəfindən yatırılır. Associated Press agentliyinin hökumətin açıqladığı rəqəmlərə istinadən verdiyi məlumata görə, 14 nəfər ölüb, 1500 nəfər həbs edilib. İnsan haqları qrupları isə azı 130 nəfərin öldüyünü və minlərlə insanın həbs edildiyini bildirib.
Xameneyi Məhsa Əmininin ölümünün "kədərli bir hadisə" olduğunu və özünün də bu hadisə ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib.
İranın əxlaq polisi ölkənin sərt geyim qaydalarına əməl etmədiyi iddiası ilə Əminini Tehranda həbs edib və o, komaya düşdükdən üç gün sonra xəstəxanada ölüb.
Hökumət onun infarkt nəticəsində öldüyünü bəyan edib. Ailəsi isə bu versiyanı rədd edərək, Əmininin ürəyində problem olmadığını və onun döyüldüyünü deyib. Onlar günahkarların məsuliyyətə cəlb olunmasına çağırıblar.