Accessibility links

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair mətbuat konfransı keçirib


"Müdafiə Xətti" İnsan Haqları Təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair mətbuat konfransı keçirib.
"Müdafiə Xətti" İnsan Haqları Təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair mətbuat konfransı keçirib.

Oktyabrın 4-də "Müdafiə Xətti" İnsan Haqları Təşkilatı 2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair mətbuat konfransı keçirib. Təşkilat bəyan edib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində əvvəlki dövrlərdə qeydə alınan problemlər son üç ayda da müşahidə olunub. Mətbuat konfransında insan hüquq və azadlıqlarının pozulmasının "sistemli səciyyə daşıdığı, yeni repressiv səhifə açıldığı" qeyd olunub.

"Sərbəst toplaşmaq, ifadə, vicdan azadlıqlarının pozulması üstünlük təşkil edib. Sosial təminat, ədalətli məhkəmə, bərabərlik, azadlıq, şəxsi toxunulmazlıq, şərəf və ləyaqətin müdafiəsi, hüquqi yardım almaq, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, dövlətin idarə olunmasında iştirak etmək, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüquqları da pozulub," təşkilatın hesabatında bildirilir.

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, dövlət hüquq və azadlıqların müdafiəsinə təminat verməyib, xüsusilə, məhkəmə-hüquq sistemi siyasi hakimiyyətin maraqlarına xidmət etməklə fərqlənib.

"Saxta əsaslarla olsa da eyni cinayətə görə təkrarən məhkum etməyə yol verilib ki, bunun da siyasi ağırlığı aşkar olub" - deyə, hüquq müdafiəçisi bildirib.

Təşkilat öz hesabatında müstəqil medianın davamı olaraq təzyiq altında olduğunu, alternativ fikrə yer verilən veb-saytların bloklanmasının davam etdirildiyini qeyd edib.

"Sosial media hesablarının ələ keçirilməsi kimi pozuntular qeydə alınıb. Sosial şəbəkələrdəki post və rəylərə görə inzibati və cinayət təqibləri həyata keçirilib, prokurorluq orqanları tərəfindən rəsmi xəbərdarlıqlar edilib," hesabatda deyilir.

Mətbuat konfransında mühacirətdə fəaliyyət göstərən müxalifətçilərin readmissiyasına da toxunulub. Təşkilat bildirir ki, iradələri xaricində Azərbaycana qayıdan müxalif fəallar sonradan narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək cəmiyyətdən təcrid ediliblər.

Rəsmi qurumlar bu hesabatla bağlı hələlik, şərh verməyiblər.

Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların fundamental hüquqlarının qorunduğunu bildirir.

XS
SM
MD
LG