Accessibility links

Azərbaycan ilə İsrail hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib


İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans və Azərbaycan müdafiə naziri Zakir Həsənov (Rəsmi foto)
İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans və Azərbaycan müdafiə naziri Zakir Həsənov (Rəsmi foto)

İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycanda rəsmi səfərdədir. O, oktyabrın 3-də Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iki ölkənin nazirlərinin görüşündə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş insanların xatirələrini yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Müdsafiə naziri Zakir Həsənov hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə iki dövlətin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

Benyamin Qans isə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə də iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb.

İsrail 25 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. 7 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. İki ölkənin yüksək rəsmi şəxsləri qarşılıqlı səfərlər edib. Dünya Yəhudi Komitəsinin nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərlərdə olub.

Azərbaycan, əsasən Bakıda və Quba rayonunun Qırmızı qəsəbəsində yaşayan təxminən 30.000 yəhudinin vətənidir. Sovet İttifaqında ilk Yəhudi Soçnut məktəbi 1982-ci ildə Bakıda açılıb.

2009-cu ildə İsrail Prezidenti Şimon Peres Azərbaycana səfər zamanı İsrail şirkəti Aeronautics Defence Systems şirkətinin Bakıda zavod inşa edəcəyini elan edib.

2012-ci ildə İsrail və Azərbaycan arasında Israel Aerospace Industries-in Azərbaycana 1,6 milyard dollarlıq pilotsuz təyyarə, zenit və raketdən müdafiə sistemləri satacağı ilə bağlı müqavilə imzalanıb.

2016-cı ilin dekabrında hava sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İsrail hökumətlərarası müqaviləsi imzalanıb.

2017-ci ilin aprelində iki ölkə arasında ikiqat vergitutma ləğv edilib.

2019-cu ilin yanvarında Azərbaycan Dövlət Sərhəd Xidməti İsrailin Elbit Systems şirkətindən Sky Striker dronu alıb. Bununla da Azərbaycan Sky Strikers-in ilk xarici alıcısı olub.

XS
SM
MD
LG