Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını açıqlayacaq


Avropa məhkəməsi (FOTO - VOA arxiv)
Avropa məhkəməsi (FOTO - VOA arxiv)

Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə iki qərar elan edəcək.

Bu barədə hüquqşünas, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərdən biri “Xural” qəzetinin və nəşrin baş redaktoru Əvəz Zeynallının qəzetdə dərc edilmiş məqalə ilə əlaqədar məhkəmə qərarına bağlıdır.

Hüquqşünas deyir ki, məqalədə yüksək rütbəli dövlət məmurunun parlament seçkisinə müdaxilə etdiyi iddia olunub, qəzet və baş redaktor məhkəməyə verilib, üzr istəmək, təkzib dərc etmək və 10 min manat təzminat ödəmək vəzifəsi qoyulan qərar çıxarılıb.

Avropa Məhkəməsinə şikayətdə Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ifadə azadlığı hüququna müdaxilənin baş verdiyi iddia olunur.

Avropa məhkəməsində çıxarılacaq qərarlardan biri dəMüsavat Partiyasının funksioneri Mustafa Hacıbəylinin və daha beş nəfərin şikayəti Bakıda kütləvi aksiya keçirmələrinə imkan yaradılmaması ilə bağlıdır.

Ərizəçilər sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edirlər.

Əvəz Zeynallı “Xural” qəzetini 2002-ci ildə yaradıb. 2011-ci il oktyabrın 19-da “Xural” qəzetinin əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib. 2022-ci il sentyabrın 10-da Əvəz Zeynallı külli miqdarda rüşvət almaq ittihamı ilə tutulub, sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

XS
SM
MD
LG