Urmiyədə yaşayan azərbaycanlı milli fəal, hazırda məcburi hərbi xidmətdə olan Salar Tahir Afşar oktyabrın 1-də həbs edilib.
Milli fəalın bacısı Sevda Tahir Afşar Amerikanın Səsi ilə söhbətində qardaşının həbsi və saxlanma şəraiti barədə məlumat verib.
Xanım Tahir Afşar deyir ki, onun qardaşı Kirmanşah vilayətində polis qüvvələrində xidmət edir və o, Kirmanşah vilayətində Polis Qüvvələrinin Mərkəzi Qərargahı tərəfindən həbs edilib və bu qurumun nəzarətindədir.
Onun sözlərinə görə, milli fəal cənab Salar Tahir Afşarın həbsindən əvvəl onun mobil telefonları keçən həftə müsadirə edilib. “Telefonlarında heç bir şey tapılmamasına baxmayaraq, dünən, oktyabrın 1-də həbs edilib və qərargahın naməlum bir yerdə təcridxanasına aparılıb,” o əlavə edib.
Sevda Tahir Afşar qardaşı ilə bir neçə dəqiqə telefonla danışa bilib. Bu qısa söhbətdə milli fəal bildirib ki, başqa yerə köçürülənə və ya azadlığa çıxana qədər onunla bir daha telefon əlaqəsi saxlamağa icazə verilməyəcək.
Salar Tahir Afşar mədəni fəalıdır və onun dinc fəaliyyəti sosial şəbəkələrdə məqalələr yazmaq və məzmun yaratmaq çərçivəsindədir. Milli fəalın ailəsi onun Kirmanşah Polis Qüvvələri Baş Qərargahının təcridxanasında ağır şəraitdə saxlanmasından narahatlığını ifadə edir. “Anam və atam Saların səhhətindən narahatıdırlar,” milli fəalın bacısı bildirib.
“Saların siyasi fəaliyyəti ilə bağlı hər hansı sənəd varsa, Kəşfiyyat Nazirliyi qurumu tərəfindən işi təqib edilməlidir,” Sevda Tahir Afşar deyib.
Hazırda məcburi hərbi xidmətini Kirmanşah vilayətinin polis bölməsində keçirən Milli fəal Tahir Afşarın bacısının sözlərinə görə, o, həbs olunmazdan əvvəl üç dəfə bu əyalətin müxtəlif sərhəd məntəqələrinə göndərilib.
Salar Tahir Afşar əvvəllər də siyasi-mədəni fəaliyyətinə görə dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən "sistemə qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" kimi ittihamlardan suçlanaraq müxtəlif cəzalara məruz qalıb.
O, son dəfə, İkinci Qarabağ Müharibəsi zamanı İran Azərbaycanında keçirilən Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilərək, Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən bir il həbsə məhkum edilmişdi.