İran Azərbaycanının Zəncan şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən ictimai fəal və qadın hüquqları müdafiəçisi Səfiyə Qarabağinin həyat yoldaşı cənab Ruzbeh Səadəti həyat yoldaşının vəziyyəti barədə Amerikanın Səsinə danışıb.
Ruzbeh Səadəti deyib ki, "şənbə günü, oktyabrın 1-i yerli vaxtla saat 11:00 radələrində həyat yoldaşım mənə bir dəqiqəlik qısa zəng etdi və təhlükəsizlik qüvvələrinin onu həbs etməyə gəldiyini söylədi".
İctimai fəalın həyat yoldaşının sözlərinə görə, bu telefon zəngi çox qısa olub və ondan ətraflı məlumat ala bilməyib.
Təhlükəsizlik qüvvələri telefon danışığını kəsdikdən sonra cənab Səadətinin evinə gedərək məhkəmə orderi göstərmədən evə daxil olub, reyd keçiriblər.
Səadətinin sözlərinə görə, evə daxil olmaq üçün məhkəmə orderi tələb etsə də, təhlükəsizlik qüvvələri hər hansı bir məhkəmə vərəqəsi göstərməkdən imtina edərək qanunsuz şəkildə evə daxil olublar.
İctimai fəal Səfiyə Qarabağinin həyat yoldaşı deyir ki, həyat yoldaşının harada saxlandığını öyrənmək üçün əvvəlcə Zəncan Kəşfiyyat İdarəsinin təcridxanasına gedib.
"Təcridxananın qapısı qarşısında saat yarım gözlədikdən sonra nəhayət öyrəndik ki, Səfiyə oradadır və dindirilir" -deyə o, əlavə edib.
Səadətinin dediyinə görə, bazar günü, oktyabrın 2-si məhkəməyə müraciət edib, lakin Səfiyə Qarabağinin işi hələ də həbs və dindirilmə mərhələsində olduğu, ona qarşı irili sürülən ittihamlar və işin məhkəmə şöbəsinin hələ də müəyyən edilmədiyi məlum olub.
Türk dil hüquqları və sosial məsələlərlə bağlı dinc fəaliyyətinə görə həbs və mühakimə keçmişi olan Ruzbeh Səadəti həyat yoldaşının həbsinin səbəbi ilə bağlı deyib ki, "biz keçmişdə də hər hansı bir etiraz aksiyaların zamanı təhlükəsizlik qurumlarının ictimai fəallara basqı tətbiq etdiyini görmüşük".
"Ölkədə baş verən son hadisələrdə xeyli insan həbs olunub. Mənim şəxsi fikrimcə, əllərində sənəd olmasa da, nüfuzlu ictimai fəalların məhkəmədə açıq dosyesi olmasını istəyirlər. Onlar bu yolla Səfiyə Qarabaği kimi ictimai fəalların cəmiyyətə təsirini zəiflətmək istəyirlər" -deyə, ictimai fəal əlavə edib.