Accessibility links

Ali Məhkəmə həbsdə olmuş daha iki NİDA üzvünə bəraət verdi


Ali Məhkəmənin Plenumu Şahin Novruzlu və Məmməd Əzizova bəraət verib. Bu barədə Amerikanın Səsinə Fariz Namazlı məlumat verib.

Onun sözlərinə görə sentyabrın 30-da Ali Məhkəmənin Plenumu Şahin Novruzlu və Məmməd Əzizovun Azərbaycana qarşı Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı yazılı icraat qaydasında işə baxaraq, onlar barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verib:

“Avropa Məhkəməsi ötən il Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanımışdı. Məmməd Əzizovla Şahin Novruzlunun həbsdə saxlanılma müddətinin uzadılmasını AİHM Konvensiyanın pozulması hesab etmişdi və həmin uzadılmanı siyasi məqsədlərə görə olduğunu göstərmişdi”.

Vəkil bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra olunması üçün onlar Ali Məhkəmənin Plenumuna müraciət ediblər.

“Bu gün həmin qərara baxılıb və aşağı instansiya məhkəmələrinin qərarı ləğv olunub, həmin şəxslər barəsində bəraətverici əsaslarla işə xitam verilib, yəni həmin şəxslərə bəraət verilib”, deyə Namazlı bildirib.

Azərbaycan Ali Məhkəməsinin Plenumundan bu qərarı ilə bağlı hələlik şərh almaq mümkün olmayıb.

Xatırlatma

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA Vətəndaş Hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.

Fəallar prezident sərəncamı ilə 2016-cı ildə əfv olunub. Fəallar onlara verilən ittiham üzrə özlərini günahkar bilməyib. Hesab edirlər ki, bu hökm onların siyasi və ictimai fəalliyətlərinə görə olub.

Amnesty İnternational bu fəalları “vicdan məhbusu” kimi tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il fevralın 18-də Azərbaycandan göndərilən 3 şikayət üzrə qərarlarını elan edib.

Bu barədə Amerikanın Səsinə hüquqşünas Xalid Ağaliyev bildirib.

Ağaliyevin Amerikanın Səsinə verdiyi məlumata görə, Məmməd Əzizov və Şahin Novruzlu Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi iddia olunan pozuntuları tanıyıb.

Məhkəmə hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci maddəsinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməlidir.

Məmməd Əzizov – 20 min avro mənəvi zərər əvəzi, 1500 avro xərc və məsrəflərə görə; Şahin Novruzlu – 20 min avro mənəvi zərər əvəzi, 2000 avro xərc və məsrəflərə görə;

Əzizov və Novruzlu Azərbaycana qarşı işi məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuz olması iddiaları ilə bağlıdır. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edir.

Bundan əvvəl isə Avropa İnsan Hüquqları məhkəməsi keçmiş siyasi məhbuslar, NİDA VH-nın İdarə heyətinin keçmiş üzvləri barəsində qərarını elan edib. Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlı qərarını açıqlayıb.

Məhkəmə adı çəkilən şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanıyıb.

Hər birinə mənəvi zərərə görə 20 000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib.

Bu qərar ictimai fəalların 2013-cü il zamanı barələrində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı verilib.

Ötən ilin fevral ayında isə Ali Məhkəmənin Plenumu Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli və Zaur Qurbanlıya bəraət vermişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG