IV Milli Kitab Sərgisi keçirilir. Bakı İdman Sarayında baş tutan sərgi sentyabrın 27-də başlayıb, oktyabrın 1-dək davam edəcək.
Milli Kitab Sərgisinin əsas iştirakçıları müstəqil nəşriyyatlar, kitabçılar, müxtəlif əl işləri ilə məşğul olan sənətkarlardır. Sərgini ziyarət edənlərə kitabla yanaşı, məktəbə aid olan ləvazimatları, əl işi nümunələrini də endirimli qiymətə əldə etmək imkanı yaradılıb.
Qanun Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu deyir ki, kitab sərgisi ənənəsini yaratmaq mədəniyyət sahəsində böyük uğurdur:
"Müstəqil nəşriyyatların sərgisidir. Məqsəd bu sektoru inkişaf etdirmək və diqqəti bu sektora cəlb etmək, eyni zamanda sektorun özünün böyüməsini həvəsləndirmək, gücləndirməkdir. Belə sərgilər adətən dövlət tərəfindən təşkil olunur, amma bu sərgidə dövlət heç bir təşkilatçılıq işini öz üzərinə götürməyib, müstəqil nəşriyyatların özü təşkil edib".
Şahbaz Xuduoğlu onu da vurğulayıb ki, kitablara 30-70 % endirim olunub. Burada Azərbaycan, rus və ingilis dillərində bütün kitabları tapmaq mümkündür.
Yazıçılarla imza saatları, poeziya axşamları, kitab və sənət ətrafına müzakirələr də sərgi proqramına daxildir.
"Deyir ki, təhsilə pul xərcləməyən dövlət, gələcəkdə onu həbsxana tikintisinə xərcləməlidir. Əslində bu kitab sərgisi də elə bir şeyə oxşayır. Cəmiyyətdə baş verən bu sosial hadisələrin hamısı adamların cahilliyi ucbatından baş verir. Əgər bu kitab sərgiləri, kitab təbliği belə vüsətlə davam etsə, bəlkə də cəmiyyətdə bu şeyləri aradan qaldırmaq mümkündür" - deyə, şair Rüstəm Behrudi vurğulayıb.
Sərgi çərçivəsində yazıçılıq, kitab nəşri, kitab tərtibatı, tərcümə və redaktə işi ilə bağlı müzakirə panelləri təşkil olunur.