Sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində 30 sutka inzibati həbs cəzası alan "Demokratiya-1918" Hərəkatının sədri Əhməd Məmmədlinin apellyasiya şikayətinə baxılıb. Məhkəmə onun Apellyasiya şikayətini təmin etməyib.
Prosesə gələn ictimai fəallar məhkəməyə buraxılmadıqlarını deyirlər. İctimai fəal Əziz Məmiyev deyir ki, məhkəməyə buraxmamaq üçün onlara süni əngəllər törədilir:
"Biz də məhkəmə prosesində iştirak etmək istəyirik, heç birimizi buraxmırlar. Əsassız olaraq, heç bir səbəh göstərmirlər. Birinci yalandan dedilər ki, məhkəmə prosesi başlayıb, sonra dedilər bitib, indi də deyirlər ki, hələ inzibati proses başlamayıb".
"Demokratiya 1918" Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov Amerikanın Səsinə bildirib ki, Əhməd Məmmədlinin həbsi siyasi qərardır.
"Əhməd Məmmədlinin həbsinin əsas səbəblərindən biri də budur ki, həm hərəkat olaraq biz, həm də Əhməd Məmmədli fərd olaraq daim sülh çağırışları edirdik, müharibənin dayandırılması, ərazi bütövlüyünün hər iki ölkə tərəfindən tanınması və sülh imzalanmasını tələb edirdik. Görünür ki, bizim fəaliyyətimiz hakimiyyəti narahat edib və bunun qarşısını almağa çalışıblar. Lakin bu həbs bizi qorxutmur", deyə Məmmədov bildirib.
Əhməd Məmmədlinin vəkili Zibeydə Sadıqova deyir ki, Əhməd özünü təqsirli bilmir:
"Əhməd İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq maddələri ilə ittiham olunur. Protokolda yazılıb ki, o söyüş söyüb, polis isə onu söyüş söyməməyə dəvət edib. Əhməd özü də məhkəmədə bildirdi ki, ümumiyyətlə belə bir şey olmayıb. Biz hesab edirik ki, ona verilən bu ittiham əsassız və qanunsuzdur. Məhkəmə onun 30 gün həbsdə nə üçün saxlanıldığını əsaslandırmadı".
Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Polis İdarəsinin təqdimatı ilə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə 30 sutka inzibati həbs cəzası verib.
Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o, sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli 535.1-ci maddə ilə həbsinin əsassız olduğunu deyib. O deyir ki, bununla bağlı ona təzyiq göstərilib.
Son günlər Əhməd Məmmədli öz Facebook hesabında sülh çağırışları və İlham Əliyevi tənqid edən bir neçə paylaşımlar edib.