İranın bir neçə şəhərində hicabını düzgün taxmadığı üçün ölkənin əxlaq polisi tərəfindən həbs edilən gənc qadının ölümündən sonra baş qaldıran etiraz nümayişləri zamanı etirazçılarla iğtişaş polisi və təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.
Tehran, Təbriz, Kərəc, Yəzd və digər bölgələrdə son etirazlar sentyabrın 17-də başlayan ədalət çağırışları ilə davam edib.
İran rəsmiləri etirazlar başlayandan bəri 41 nəfərin öldüyünü, insan haqları qrupları isə ölənlərin sayının daha çox olduğunu deyib.
İyirmi iki yaşlı Məhsa Əmini sentyabrın 13-də Tehranda həbs edilib və rəsmilər onun ölümü ilə bağlı məlumatı üç gün sonra elan edib.
Əminin ailəsi onun həbs edildikdən sonra polis mikroavtobusunda döyüldüyünü və başından bir neçə zərbə aldığını iddia edib. Polis iddiaları rədd edərək, Əmininin infarkt keçirdiyi üçün xəstəxanaya aparıldıqdan sonra öldüyünü bildirib.
İran prezidenti İbrahim Rəisi bildirib ki, o, Əmininin həbsi və ölümü ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
BMT-nin insan haqları üzrə ali komissarı vəzifəsini icra edən Nada Əl-Naşif keçən həftə deyib ki, “Məhsa Əmininin faciəvi ölümü, işgəncə və pis rəftar iddiaları müstəqil səlahiyyətli orqan tərəfindən dərhal, qərəzsiz və effektiv şəkildə araşdırılmalıdır”.
Qəzəbli izdiham Ali dini rəhbər Ayətulla Əli Xameneinin devrilməsini tələb etdiyi zaman bəzi iranlı qadınlar açıq şəkildə saçlarını kəsib və ya hicablarını yandırıb.
Bu həftənin əvvəlində ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABC tele-kanalının “Bu həftə” verilişində İranda etirazların “[nümayişçilərin] öz ləyaqət və hüquqlarına layiq olduğuna dair inamı əks etdirdiyini” və ABŞ-ın onları dəstəklədiyini deyib.
O, ABŞ-ın “hüquqlarını müdafiə edən” insanları dəstəklədiyini bildirib.