Accessibility links

Ekspertlər: Media Reyestrinin tətbiqi Azərbaycanda informasiya cəmiyyətinin inkişafının qarşısını almağa yönəlib


Sentyabrın 26-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş “Media haqqında qanunun tətbiqi haqqında” fərman imzalayıb. Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, “Media haqqında” qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib ki, reyestrin müstəqil jurnalistlərə təsiri mənfi olacaq.

Mehman Əliyev: Bu sənəd Azərbaycanda informasiya cəmiyyətinin inkişafının qarşısını almağa yönəlib
please wait

No media source currently available

0:00 0:03:38 0:00

“İndiyə qədər Azərbaycanda bütün istiqamətlərdə müstəqil mediaya qarşı məhdudlaşdırıcı siyasət aparılıb. Medianın iqtisadi dayaqları dağıdılıb. Medianın informasiya əldə etmək imkanları çətinləşib. Bu nəyə hesablanıb? Gələcəkdə yeni mediaların yaranmasının qarşısını almağa və hakimiyyətin maraqlarına uğyun olan medialar üçün şərait yaratmağa hesablanıb.”

O hesab edir ki, bu Media Reyestrinin yaradılması barədə sənəd Azərbaycanda informasiya cəmiyyətinin inkişafının qarşısını almağa yönəlib.

“Əslində biz çalışmalıydıq ki, informasiya cəmiyyətini daha da zənginləşdirək, inkişafını sürətləndirək, onu sağlamlaşdıraq. Onlar bunu bacarmırlar. Əlbəttə, bu qanun, reyestr azadlıqları məhdudlaşdırmağa yönəlib.”

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Media Reyestrinin yaradılması sərbəst fəaliyyət göstərən jurnalistlərin bir çoxunun artıq lazım olan informasiyanı əldə etmək imkanlarına müəyyən məhdudiyyətlər gətirəcək.

Ələsgər Məmmədli: Jurnalistin reyestrinin aparılması media azadlığına müdaxilədir
please wait

No media source currently available

0:00 0:05:07 0:00

“Mən hesab edirəm ki, jurnalistin reyestrinin aparılmasının özü media azadlığına müdaxilədir. Reyestrin bu formada yaradılması inzibati metodların öndə durması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) çərçivəsindən kənardır. İrəlidə bununla bağlı istənilən mübahisə Avropa Məhkəməsində ölkənin əleyhinə sonuclanacaq.”

Hüquqşünas deyir ki, Konstitusiya hər kəsə informasiya toplamaq azadlığı verir.

“Konstitusiya daha üstün hüquqi sənəddir. Konstitusiyaya görə hər kəs informasiya ala bilər. Yəni onun adının önündə jurnalist olub-olmaması önəmli deyil. Ya da dövlət tərəfindən vəsiqəli jurnalist olub-olmaması önəmli deyil.”

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

Zahid Oruc: Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir
please wait

No media source currently available

0:00 0:06:02 0:00

“Burada hansısa media subyekti və ya jurnalist reyestrdə yer almadığı təqdirdə o əsla öz fəaliyyətindən kənarda qalmır, qanunsuz elan edilmir. Hüquqi məkandan kənara atılmır. Yalnız bu reyestrdə olmaq üstünlüklər qazandırır ki, müxtəlif imtiyazlar, hansısa subsidiyalar, dövlətin tədbirlərindən bəhrələnmək mümkün olsun. Düşünürəm ki, burada ən başlıca məsələ ölkə rəhbəri tərəfindən yeni “Media haqqında” qanunun imzalanması 2019-cu ildə xüsusilə yeni hakimiyyət quruculuğunun tərkib hissəsi olaraq azad, müstəqil, güclü mətbuat orqanlarının formalaşması üçün iradəni davam etdirməkdir. Burada hansısa bir inzibati, kəsici və ya arxa fikir yoxdur,” o qeyd edib.

Sentyabrın 26-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş “Media haqqında qanunun tətbiqi haqqında” fərman imzalayıb. Bu sənəddə Media Reyestrinin aparılması qaydaları təsdiq edilib.

Media Reyestrinin aparılması qaydalarına görə, reyestr -Medianın İnkişafı Agentliyi tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatıdır.

Media Reyestri Elektron hökumət sistemi vasitəsilə fəaliyyət göstərəcək. Reyestrin təhlükəsizliyini Dövlət Rabitə və İnformasiyanın təhlükəsizliyi xidməti həyata keçirəcək.

Reyestrdə media subyektləri, redaksiyalar və jurnalistlərin özləri haqqında məlumatlar əksini tapacaq.

Xüsusən, fiziki şəxs olan media subyektinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, vətəndaşlığı və daimi yaşadığı ölkə, məhkumluğunun olub-olmaması haqqında məlumat, VÖEN-i, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı, əlaqə məlumatları, hüquqi şəxs olan media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları qeyd ediləcək.

Fiziki şəxs fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda, ali təhsili olmadıqda, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə, media subyekti ilə əmək müqaviləsi olmadıqda, reyestrə daxil edilməmiş media subyektində işlədikdə, jurnalistika sahəsi üzrə iş stajı 3 ildən az olduqda, jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası qaydalarına riayət etmədikdə reyestrə daxil edilməsindən imtina olunacaq.

Reyestrə daxil edilmiş hüquqi və fiziki şəxslərə şəhadətnamə və jurnalist vəsiqəsi verilir (üç illik).

XS
SM
MD
LG