Accessibility links

Bakıda “Regional Əməkdaşlıq: Qafqaz və Mərkəzi Asiya" mövzusunda simpozium keçirilib


Bakıda “Regional Əməkdaşlıq: Qafqaz və Mərkəzi Asiya" mövzusunda simpozium keçirilib (Foto bp şirkətinin facebook səhifəsindən götürülüb)
Bakıda “Regional Əməkdaşlıq: Qafqaz və Mərkəzi Asiya" mövzusunda simpozium keçirilib (Foto bp şirkətinin facebook səhifəsindən götürülüb)

ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə sentyabrın 19-22-də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin Enerji məsələləri üzrə Akademik Qrupu, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, “bp Azerbaijan” və SOCAR-ın birgə tərəfdaşlığı ilə "Regional Enerji Təhlükəsizliyi Simpoziumu 2022 – Regional Əməkdaşlıq: Qafqaz və Mərkəzi Asiya" mövzusunda müzakirələr keçirilib.

“ABŞ Səfirliyi ADA Universitetində NATO-nun Avropa İttifaqı Araşdırmaları üzrə Mükəmməllik Mərkəzi, Enerji Təhlükəsizliyi Mükəmməllik Mərkəzi, Ali Hərbi Dənizçilik Məktəbi, SOCAR və BP ilə birgə keçirdiyi 2022 Regional Enerji Təhlükəsizliyi Simpoziumu vasitəsilə Azərbaycanın regional enerji təhlükəsizliyindəki rolunu dəstəkləməkdən məmnundur. Simpozium enerji təhlükəsizliyi məsələlərinin geniş spektrini müzakirə etmək üçün peşəkarları, söz sahiblərini və ekspertləri bir araya gətirdi,” səfirliyin məlumatında deyilir.

Tədbirdə ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şaffer və həmin Məktəbin Enerji məsələləri üzrə Akademik Qrupunun direktor müavini Alan Hovard açılış nitqi ilə çıxış edib.

Daha sonra Azərbaycan energetika nazirinin müavini Elnur Sultanov, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov və “bp Azerbaijan”nın Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məruzə ilə çıxış ediblər.

Simpoziumun birinci günündə ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndələri Alan Hovard və Brenda Şaffer mühazirə ilə çıxış edərək enerji geosiyasəti və təhlükəsizliyi, həmçinin bu istiqamətdə əsas təhdidlərdən bəhs edən təqdimatlar ediblər. Bundan əlavə, sözügedən Ali Məktəbin nümayəndəsi Çarlz Cey Linin rəhbərliyi ilə qrup işi aparılıb.

“Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzindən Ceyhun Türe, Türkiyənin Energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar, SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və onun müavini Vitali Bəylərbəyov, habelə ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin və SOCAR-ın digər səlahiyyətli nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya dövlətlərini təmsil edən rəsmi qurumların yüksək səlahiyyətli əməkdaşlarını bir araya gətirən Simpoziumun əsas məqsədi regional və idarələrarası koordinasiya, eləcə də dövlət-özəl tərəfdaşlığı vasitəsilə regional enerji təhlükəsizliyi barədə məlumatlılığın artırılması və bu istiqamətdə əməkdaşlıqda davamlılığın gücləndirilməsidir.

XS
SM
MD
LG