Accessibility links

Avropa rəsmiləri döyüşlərin dayandırılmasına və danışıqlara çağırır


Son saatlarda Ermənistan-Azərbaycan sərhədində insan tələfatı ilə nəticələnən ciddi döyüşlər qeydə alınıb.

Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sentyabrın 13-də yaydığı bəyanatında deyilir.

O, bəyanatda qeyd edir ki, döyüş əməliyyatlarının dayandırılması və tərəflərin danışıqlar masasına qayıtması mütləqdir.

"Bütün qüvvələr bu gərginlikdən əvvəlki mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir," Borrell bildirib.

O, əlavə edib ki, Avropa Şurası Prezidenti Şarl Mişel hər iki ölkənin liderləri ilə əlaqə saxlayır və Borrell özü müvafiq ölkələrin xarici işlər nazirləri ilə danışır.

"Aİ xalqların mənafeyi naminə təhlükəsiz, firavan və sülh içində olan Cənubi Qafqaz məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında dürüst vasitəçi kimi fəaliyyət göstərməyə davam etməyə sadiq qalır. Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar lazımi de-eskalasiyanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında olan Brüssel dialoqu prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək," - bəyanatda qeyd edilir.

Avropa Şurası Prezidenti Şarl Mişel Tvitterdə yaydığı bəyanatda sülh və sabitliyin alternativi olmadığını bəyan edib.

Mişel baş verən toqquşmaların "ekstremal dərəcədə narahatedici" olduğunu vurğulayıb.

XS
SM
MD
LG