Sentyabrın 9-da yeniyetmə Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. Məhkəmədə hökm oxunulacağı gözlənilsə də, proses 2 həftəlik təxirə salınıb. Hakim qarşı tərəfin vəkillərinin işə baxmaqdan imtina etməsi səbəbindən hökmü ertələyib.
Təqsirləndirilən şəxsin yeni vəkili işlə tanış olmaq üçün 3 həftə vaxt istəməsi ilə bağlı vəsatət qaldırıb. Hakim Novruz Kərimov vəsatəti qəbul edib.
Vəkil eyni zamanda, istintaqın yenidən başladılması ilə bağlı vəsatət qaldırıb. Sənay Yağmurun anası Zümrüd Yağmur bu tələbi etirazla qarşılayıb. O məhkəmə iclasını yarımçıq tərk edib.
Zümrüd Yağmur qeyd edib ki, məhkəmənin dəfələrlə təxirə salınması bu işin siyasi məsələ olduğunu göstərir:
"Vəkil 3 həftə vaxt istədikdə mən öz etirazımı bildirdim ki, yeni vəkilin gəlişi ilə yeni faktlar ortaya çıxacaqmı? Hətta dövlət ittihamçısı da bildirdi ki, istintaq yenilənmə belə, son sözlər deyildikdən sonrkı mərhələdə yenilənən bilər. Mən etiraz etdiyim üçün hakim mənim haqqımda tədbir görüləcəyini dedi. Mənim haqqımda cinayət işi açdılar belə, mənim üçün fərq etmir. Artıq bu iş məhkəmə deyil, məzhəkədir".
Vəkil Zibeydə Sadıqova bildirib ki, yeni təyin edilən vəkil istintaqa məlum olmayan hər hansı bir fakt ortaya qoymadıqca istintaq yenidən başladıla bilməz:
"Yeni vəkil bu gün müqavilə bağladığını dedi. Biz də, prokuror da cinayət işinin yenilənməsinə etiraz etdik. Mən bildirdim ki, bu, açıq-aydın məhkəmə prosesinin uzadılmasıdır. Əsassız uzatma olduğunu düşünürəm. Bugünkü iclasda hakim yalnız vəkilin işlə tanış olmaq üçün qaldırdığı vəsatəti təmin etdi, 2 həftə vaxt verdi. Növbəti iclasda biz istintaqın yenidən başladılması ilə bağlı qərarı öyrənəcəyik. Bütün istintaq hərəkətləri bitib, sənədlər yoxlanılıb, sübutlar tədqiq edilib, şahidlər dindirilib. Hətta dövlət ittihamçısı və mən də çıxış etmişik, qarşı tərəfin vəkili müdafiə çıxışını edib, həmçinin yazılı formada da təqdim edib. Bu uzatmaları heç bir mənası yoxdur".
Dövlət ittihamçısı Əsgər Ağazadəyə 7 il cəza istəyib.
Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir və bu ittihamın böhtan olduğunu sübut edir.
Əsgər Ağazadə özünü təqsirli bilmir və ittihamın əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.
Növbəti məhkəmə prosesi sentyabrın 9-u saat 17:00-a təyin olunub.
2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.
Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.