Accessibility links

Qırğızıstanın keçmiş prezidenti Otunbayeva BMT-nin Əfqanıstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib


BMT-nin baş katibi Antonio Quterreş Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayevanı BMT-nin Əfqanıstan üzrə yeni xüsusi nümayəndəsi təyin edib.

Birləşmiş Millətlər Təşkilatının bəyanatında deyilir ki, 72 yaşlı Otunbayeva iyunun ortalarında istefa vermiş kanadalı Debora Lyonsu bu vəzifədə əvəz edəcək. Roza Otunbayeva 2021-ci ilin avqustunda Talibanın hakimiyyətə qayıdışından sonra Əfqanıstanda qadınların hüquqlarının kəskin şəkildə məhdudlaşdırılması fonunda vəzifəsinin icrasına başlayır.

Hazırda Otunbayeva BMT-nin münaqişələrin qarşısının alınması üzrə məşvərətçi orqanının üzvüdür və Qırğızıstanda Roza Otunbayeva Təşəbbüsü Fonduna rəhbərlik edir.

Roza Otunbayeva 2010-2011-ci illərdə prezident Kurmanbek Bakiyevin üsyan nəticəsində hakimiyyətdən devrilməsindən sonra Qırğızıstanda prezident səlahiyyətlərini icra edib. Otunbayeva bir neçə dəfə Qırğızıstanın xarici işlər naziri vəzifəsində də çalışıb və ölkəsinin ABŞ, Kanada və Britaniyadakı səfiri kimi bir sıra yüksək səviyyəli diplomatik vəzifələrdə çalışıb. O, bir neçə il Qırğızıstan parlamentinin üzvü olub.

Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən sonra humanitar və iqtisadi böhran başlayıb. Yeni hökumət hələ də dünyanın heç bir dövləti tərəfindən rəsmən tanınmayıb.

XS
SM
MD
LG