Accessibility links

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan və Ermənistan liderləri ilə telefonla danışıb


President of Azerbaijan Ilham Aliyev, President of the European Council Charles Michel and Prime Minister of Armenia Nicole Pashinyan
President of Azerbaijan Ilham Aliyev, President of the European Council Charles Michel and Prime Minister of Armenia Nicole Pashinyan

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Bu barədə Şarl Mişel Twitter hesabında yazıb.

O qeyd edib ki, sabah, avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin keçiriləcək dördüncü görüşündən əvvəl bu gün hazırlıq danışığı olub.

Azərbaycan Prezidentinin mətbuat xidməti bildirir ki, avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

Ermənistanın Baş nazirinin mətbuat xidmətinin məlumatında isə deyilir ki, telefon söhbəti zamanı avqustun 31-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə toxunulub. Tərəflər dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq, danışıqların səmərəli olacağına ümidvar olduqlarını bildirib.

Rəsmi məlumatlara görə, avqustun 31-də Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq.

Bu görüşdən öncə, avqustun 19-da Brüsseldə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bundan öncə, Avropa İttifaqının rəhbərinin vasitəçiliyi ilə iki ölkə lideri arasında üç görüş keçirilib. Hər iki tərəf görüşlərin nəticələrini müsbət qiymətləndirib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel mətbuat üçün bəyanatında bildirib ki, müzakirələr səmimi və məhsuldar keçib.

“Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi səyləri və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirə apardıq”, o bildirib.

Bu formatda bundan əvvəl aprelin 6-da keçirilən görüşdə də tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG