Avqustun 24-də yeniyetmə Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. Məhkəmədə hökm oxunulacağı gözlənilsə də proses yekunlaşmayıb. Proses qarşı tərəfin vəkillərinin gəlmədiyi üçün təxirə düşüb. Məhkəmə artıq altıncı dəfədir ki, təxirə salınır.
Buna etiraz olaraq məhkəmə qarşısına toplaşan ictimai fəallar şəhərin mərkəzində etiraz aksiyası keçiriblər. Fəallar "Novruz Kərimov, ədalətli hökm ver!", "İlham Əliyev, təcavüzkarı qoruma!" şüarları səsləndiriblər.
Polis aksiyanın marşrutuna müdaxilə edib, lakin saxlanılan olmayıb.
Zümrüd Yağmur qeyd edib ki, avqustun 25-də bu hadisədən artıq 2 il keçir, amma buna baxmayaraq hökm hələ də oxunmayıb.
Dövlət ittihamçısı Əsgər Ağazadəyə 7 il cəza istəyib.
Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir və bu ittihamın böhtan olduğunu sübut edir.
Əsgər Ağazadə özünü təqsirli bilmir və ittihamın əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.
Növbəti məhkəmə prosesi sentyabrın 2-nə təyin olunub.
2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.
Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.