Accessibility links

Rusiyadan Azərbaycana pul köçürmək üçün alternativ kanal yaradılıb


Azərpoçt
Azərpoçt

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC-nin (ABB – Moskva) əməkdaşlığı nəticəsində Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət məlumat yayıb.

Məlumatda deyilir ki, “Azərpoçt”da tətbiq olunan “Granat” pulköçürmə sistemi vasitəsilə artıq Rusiyadan Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.

“İlkin mərhələdə “Granat” pulköçürmə sistemi Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə bütün rayon mərkəzlərində fəaliyyət göstərən mərkəzi xidmət şöbələrində vətəndaşlara təqdim olunacaq. Yaxın gələcəkdə isə tələbatdan asılı olaraq, digər poçt şöbələrində də bu sistemin tətbiqi nəzərdə tutulur.”

“Azərpoçt” qeyd edir ki, “Granat” pulköçürmə sistemi Rusiyada hər kəs üçün əlçatandır: belə ki, Rusiya ərazisində yerləşən “ABB – Moskva” məntəqələri və “Granat” mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür.

Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti 1500-ə qədər şöbəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və s. kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.

Rusiya- Ukrayna müharibəsi ilə əlaqədar Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində Rusiyadan xaricə və əks istiqamətdə pul köçürmələrində fasilələr yaranıb.

Belə ki, Rusiya SWIFT sistemindən çıxarıılıb, Visa və Mstercard Rusiyada fəaliyyətini dayandırıb. Bu səbəbdən Rusiya bank kartları ilə xaricə, o cümlədən Azərbaycana pul çıxarıla bilmir. Sanksiya səbəbindən Azərbaycanın əksər bankları Rus rublu ilə hesablaşmalar aparmır. Bu səbəbdən də Azərbaycanın əksər banklarında Rusiyanın “Zolotoya Korona” və “Contact” köçürmə sistemi işləmir.

Rusiyadan Azərbaycana göndərilən pulların rəsmi statistikası aparılmır. Ekspertlərin fikrincə, hər il Rusiyadan Azərbaycana pul köçürmələri və qeyri rəsmi yollarla yüz milyonlarla dollar vəsait köçürülür. Rusiya rəsmilərinin dediyinə görə, hazırda Rusiyada 2 milyonadək azərbaycanlı yaşayır.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: Rusiyada yaşayan azərbaycanlılar hər il ailələrinə bir milyard dollaradək pul göndərir

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsindən başqa vətəndaşlar arasında da maliyyə mübadiləsi var.

“Çünki Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır. Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı son zamanlar pul köçürmələrində müəyyən problemlər yaranıb. Ona görə də Azərbaycan alternativ olaraq vətəndaşların rahat şəkildə pul köçürmələri üçün yeni bir sistemi təqdim edir. Bunun vasitəsi ilə beynəlxalq sistemdən asılı olmayaraq həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya pul köçürmələri mümkün olacaq.”

Natiq Cəfərli: Rusiyada yaşayan azərbaycanlılar hər il ailələrinə bir milyard dollaradək pul göndərir
please wait

No media source currently available

0:00 0:03:08 0:00
Direct link

Ekspertin qənaətincə, son dövrlər Rusiyada yaşayan azərbaycanlıların öz ailələrinə pul köçürmələri azalıb.

“Bunu da Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə yanaşı beynəlxalq pul köçürmə sistemlərində problemlərin olması ilə izah edirlər. Yəqin ki, bu problemin aradan qaldırılmasında yeni sistemin pozitiv rolu olacaq.”

Cəfərli təxmin edir ki, Rusiyada yaşayan azərbaycanlılar il ərzində ailələrinə yüz milyonlarla dollar pul göndərir.

“Rusiyada yaşayan azərbaycanlıların ailələrinə pul göndərməsinin pik səviyyəsi 2012-2013-cü illərdə olub. Bu illərdə Rusiyada yaşayan azərbaycanlılar Azərbaycandakı ailələrinə 4 milyard dollar pul köçürüb. Pandemiya dövründə bu məbləğ azalmağa başladı. Pandemiya dövründə, yəni 2020-2021-ci illərdə təxminən bir milyard dollara yaxın pul köçürülüb. Rusiya tərəfi isə bu məbləğin təxminən 700-800 milyon dollar olduğunu bildirib.”

Ekspert hesab edir ki, vətəndaşların pul köçürməsi sanksiyalara səbəb ola bilməz.

“Burada milyonlarla pul köçürmələrindən söhbət getmir. Burada müəyyən məbləğ müəyyən edilir. Həm də burada hansısa mal və xidmət müqabilində pul köçürmələrindən söhbət getmir,” Cəfərli qeyd edib.

XS
SM
MD
LG