Accessibility links

İş otağında intim videolar çəkməkdə şübhəli bilinən FHN əməkdaşı həbs edilib


Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

“Müəyyən olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub,” məlumatda qeyd edilib.

Qeyd edək ki, son günlərdə Fövqəladə Hallar Nazirliynin yüksək vəzifəli zabitinin tabeliyində olan qadınlarla iş otağında intim videoları əks olunduğu bildirilən videolar yayılır. Bu videolar nazirliyə qarşı geniş tənqidlərə yol açıb.

Bununla yanaşı, nə Fövqəladə Hallar Nazirliyi, nə videoda görüntüləri olan şəxslər, nə də onların vəklilləri və ailə üzvləri hələ açıqlama verməyib.

Hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, videoda əks olunanlar sübutunu taparsa burada şəxsi həyatın toxunulmazlıq hüququ pozulub (Cinayət Məcəlləsinin 156-cı maddəsi).

“Çünki şəxsi həyatla bağlı məlumatları qanunsuz olaraq toplamaq, başqasına vermək, satmaq cinayət məsuliyyəti yaradır. Eyni zamanda, bu, vəzifəli şəxsin qulluq mövqeyindən istifadə edərək törədilibsə ağırlaşdırıcı hal kimi nəzərdə tutulub. Burada həm də vəzifə səlahiyyətləini aşma var. Bu da ayrılıqda cinayət kimi qiymətləndirilə bilər. Burada həmçinin mülki aspektdən baxsaq, “Əmək Məcəlləsi”nin, “Dövlət qulluğu haqqında” qanunun pozulması halları var. Tabeçiliyində olan şəxsə qarşı seksual qısnama məsələsi də ayrıca müzakirə oluna bilər,” o qeyd edib.

XS
SM
MD
LG