Accessibility links

İsrail mütəxəssisləri Azərbaycanda kibertəhlükəsizlik üzrə təlimlərə başlayır


Azərbaycan və İsrail kibertəhlükəsizlik təlimlərinə başlayır (Foto Elektron Təhlükəsizlik Xidmətinindir)
Azərbaycan və İsrail kibertəhlükəsizlik təlimlərinə başlayır (Foto Elektron Təhlükəsizlik Xidmətinindir)

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi i ilə İsrailin “Technion” Universiteti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis edilib.

Müqaviləyə əsasən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, artıq kibertəhlükəsizlik sahəsi üzrə təlimlərdə iştirak üçün Azərbaycan vətəndaşlarının müraciətinin qəbuluna başlanıb. İlkin olaraq 60 nəfər təlimlərə cəlb olunacaq.

“Proqrama qəbul olunan şəxslər 6 ay müddətində “Technion” Universitetinin professor-müəllim heyətinin keçəcəyi təlimlərdə iştirak edəcək. Tədris ingilis dilində aparılacaq. İştirakçılar şəbəkə, proqramlaşdırma, əməliyyat sistemləri ilə bağlı biliklər əldə etməklə yanaşı, kibertəhlükəsizlik sahəsində müxtəlif istiqamətlər üzrə ixtisaslaşacaqlar. Təlim proqramını uğurla başa vuranlar “Technion” Universitetinin sertifikatını əldə edərək kibertəhlükəsizlik üzrə mütəxəssisə çevriləcəklər,” məlumatda qeyd edilir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, ali məktəbin metodikası əsasında təşkil olunmuş proqram üzrə təhsil alacaq tələbələr əmək bazarına rəqabətli mütəxəssislər kimi hazırlanacaq.

“Çox məmnunuq ki, dünyanın ən qabaqcıl təhsil müəssisələri və bilik mərkəzlərindən biri olan “Technion” Universiteti ilə tərəfdaşlıq quraraq kibertəhlükəsizlik sahəsi üzrə beynəlxalq bilik və təcrübəni ölkəyə gətiririk,” nazir qeyd edib.

“Technion” Universitetinin prezidenti, professor Uri Sivan əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə ümid etdiyini bildirib.

“Təsis etdiyimiz yeni Mərkəz Azərbaycanın informasiya təhlükəsizliyini dəstəkləyən vacib bir layihədir və hazırlanan mütəxəssislər nəinki Azərbaycanda, eləcə də regionda sahənin inkişafına töhfə verəcəklər,” o, qeyd edib.

XS
SM
MD
LG