Avqustun 10-da yeniyetmə Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. Məhkəmədə hökm oxunulacağı gözlənilsə də, proses yekunlaşmayıb.
Təqsirləndirilən şəxs protokolla tanış olmasa son sözü deməyəcəyini bildirib.
Sənay Yağmurun anası Zümrüd Yağmur bundan narazı olduğunu dilə gətirib və məhkəmənin bilərəkdən uzadıldığını deyib:
"Məhkəmənin uzadılmasının səbəbi bütün ölkəyə bəllidir. Belə hallarda məhkəmə uzadılanda tərəflərdən biri məhkəmənin hökmünə təsir üçün müəyyən mexanizmləri işə salmağa çalışır. Bu biz olmadığımıza görə, bizim məhkəməni uzatmaq kimi niyyətimiz yoxdur. Bu qarşı tərəfdir, qarşı tərəfi bütün dövlət orqanları qəbul edir".
Zümrüd Yağmur qeyd edib ki, avqustun 25-də bu hadisədən artıq 2 il keçir, amma buna baxmayaraq hökm hələ də oxunmayıb.
Dövlət ittihamçısı Əsgər Ağazadəyə 7 il cəza istəyib.
Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir və bu ittihamın böhtan olduğunu sübut edir.
Əsgər Ağazadə özünü təqsirli bilmir və ittihamın əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.
Əsgər Ağazadənin anası Sürəyya Ağayeva oğlunun təqsirsiz olduğunu, böhtana məruz qaldığını deyir. O, bugünlərdə mediaya müsahibəsində də oğlunun işi ilə əlaqədar bir sıra dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna və s. qurumlara müraciət etdiyini, orada müvafiq şəxslərlə görüşdüyünü bildirib.
“Bir sıra ali instansiyalarda, hətta Prezident Administrasiyasında olduq. Orada mənə dedilər ki, onlar həyasızlıq edir, qışqırırlar. Siz də gedib qışqırın. Hətta vəkilimə dedi ki, qarşı tərəfin vəkili kimdi? Dedi: “Zibeydə Sadıqova”. Dedi: “Nə edir o?” Vəkilim dedi “qışqırır”. Cavab verdi ki, sən niyə qışqırmırsan?”.
Növbəti məhkəmə prosesi avqustun 17-ə təyin olunub.
2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.
Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.