Accessibility links

ABŞ Rusiyanın Gürcüstana təcavüzünün 14-cü ildönümü ilə bağlı bəyanat yayıb


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken bazar günü Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı təcavüzünün 14-cü ildönümü ilə bağlı bəyanat yayıb.

“2008-ci ildən bəri biz Rusiya hərbçiləri tərəfindən öldürülən və yaralananların xatirəsini yad edirik. Onilliklər ərzində Abxaziya və Cənubi Osetiyada Gürcüstan vətəndaşları Rusiyanın işğalı altında yaşayıb, on minlərlə insan yerlərindən didərgin düşüb, təqiblərə məruz qalıb və yoxsulluğa düçar olub. Onların həyatı və dolanışığı onlardan alınıb,” dövlət katibi Blinkenin bəyanatında deyilir.

Blinken bildirib ki, Rusiyanın bu il Ukraynaya əsassız hərbi müdaxiləsi Gürcüstan və Ukrayna xalqları arasında həmrəyliyin zəruriliyini vurğulayır.

ABŞ dövlət katibi vurğulayıb ki, “dezinformasiya, ölkə daxilində gediş-gəlişə mane olan “sərhəd” maneələrinin yaradılması, əhalinin kütləvi şəkildə köçürülməsi də daxil olmaqla Rusiyanın aqressiv hərəkətlərinin görünməmiş çətinliklərə və dağıntılara səbəb olduğu gürcü xalqına yaxşı məlumdur.”

“Rusiya 2008-ci ildə atəşkəs çərçivəsində öz qüvvələrini münaqişədən əvvəlki mövqelərə çəkmək və humanitar yardımın çatdırılması üçün maneəsiz çıxışı təmin etmək üçün götürdüyü öhdəliklərə görə cavabdehlik daşımalıdır. O həmçinin Abxaziya və Cənubi Osetiyanın tanınmasından imtina etməlidir. Bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıda bilməsi üçün vacibdir,” dövlət katibi Blinken bildirib.

“Bizim Gürcüstan xalqının öz suverenliyini və ərazi bütövlüyünü qoruması və münaqişənin sülh yolu ilə həllini tapmaq səylərinə dəstəyimiz sarsılmaz olaraq qalır” - deyə, bəyanatda bildirilir.

XS
SM
MD
LG