Təbrizdə milli fəallar “Təbrizin Sehrli Nağılları” kitabının şəkillərini şəhərin müxtəlif yerlərində küçələrdə yerləşdiriblər.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə, milli fəallar tərəfindən yayılan bu şəkillərin üzərində ingilis dilində “Bizi (Güney Azərbaycan) Corc Dik kimi dəstəkləyin” yazısı və türkcə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı yer alıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik bu yaxınlarda öz Tvitter hesabında ona hədiyyə edilən “Təbrizin Sehrli Nağılları” kitabını oxuyarkən çəkilmiş şəklini paylaşaraq ictimaiyyətin diqqətini İran Azərbaycanının mədəni irsinə yönəldib.
İsrailin Azərbaycandakı səfirinin bu tvitinə İran səfiri Seyid Abbas Musəvi reaksiya göstərərək, Twitter səhifəsində onu “ilk şər sionisti” adlandırıb və “Təbriz camaatı tərəfindən dəfn ediləcəyini” deyərək hədələyib.
İsrailin Azərbaycandakı səfirinin bu paylaşımından sonra bir çox insan bu kampaniyaya qoşularaq, sosial şəbəkələrdə bu kitabla şəkillərini dərc edib.
Bir çox azərbaycanlı və digər ölkələrdə insanlar bu kampaniyaya qoşularaq, həmin kitabla şəkil paylaşdıqdan sonra Corc Dik kitabı əldə etməkdə çətinlik çəkənlərə kitabın 20 nüsxəsini hədiyyə edəcəyini bildirib.