"Sputnik Azərbaycan" agentliyinin rusdilli versiyasının dörd redaktoru Rusiya Müdafiə Nazirliyinin Qarabağda sonuncu döyüş əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması haqqında məlumatını dərc etməkdən imtina edərək istefa verib.
İstefa verənlər redaktorlar Zülfiyyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayevadır.
İstefa vermiş redaktorlardan Gülzar Mustafayeva Amerikanın Səsinə deyib ki, dörd redaktor avqustun 4-də "Sputnik Azərbaycan" agentliyindən istefa vermək qərarına gəlib.
“İstefamızın səbəbi isə rəhbərlik tərəfindən Azərbaycanın mövqeyinə zidd olan bir mövqeyi sayta yerləşdirmək tələbi idi. Biz də bununla razılaşmadıq. Bu, Rusiya Müdafiə Nazirliyinin bəyanatı idi, hansı ki, Azərbaycan atəşkəsi birtərəfli qaydada pozmaqda ittiham olunur. Biz xəbərin bu formada dərci ilə razılaşmadıq. Çalışdıq ki, rəhbərliyə öz mövqeyimizi çatdıraq ki, Azərbaycanın mövqeyinə qarşı olan bir bəyanatı dərc etmək düzgün deyil. O bizimlə razılaşmadı və biz də qərara gədlik ki, istefa verək,” o, qeyd edib.
“Sputnik Azərbaycan” Agentliyi telefonları cavab vermir. Amerikanın Səsinin bu agentliyə göndərdiyi sorğuya hələ cavab verilməyib.
"Sputnik-Azərbaycan" Rusiyanın "Sputnik" Dövlət Agentliyinin yerli şöbəsidir.
Bu agentliyin fəaliyyəti vaxtaşırı Azərbaycanda tənqid obyektinə çevrilib. Azərbaycan qanunvericiliyinə və ölkənin maraqlarına zidd materialların dərc edilməsi ilə əlaqədar bir sıra rəsmi şəxslər dəfələrlə "Sputnik-Azərbaycan"ın bağlanması tələbi ilə çıxış edib.