Accessibility links

Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib


Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

Məlumata görə İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyəti təmin edilib.

“İstintaqın hazırki mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunub”deyə məlumatda deyilir.

Məlumata görə, Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə hazırda iş üzrə istintaq davam edir.

Adı çəkilən şəxslərin ailəsindən və vəkillərindən şərh almaq mümkün olmayıb.

Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxs rüşvət və korrupsiya ittihamları ilə həbs edilib. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına icra hakimiyyəti başçılarının təyinatı zamanı korrupsiyaya uğramış məmurlara qarşı münasibətin daha sərt olacağını bir daha bəyan edib.

Hüquq müdafiəçiləri, ekspertlər hesab edir ki, korrupsiyaya qarşı mübarizə "kosmetik" xarakter daşıyır.

XS
SM
MD
LG