Accessibility links

Səhiyyə Nazirliyi rəsmisi açıqlama verdi: Unutmamalıyıq ki, xəstəliyin yüngül halı belə "uzunmüddətli COVID" sindromuna səbəb ola bilər


"Azərbaycanda COVID-19-a yoluxanların sayında artım müşahidə olunur. Qonşu ölkələrdə də həftəlik xəstələnmə hallarında artım var".

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.

"Əhali arasında belə bir fikir yayılıb ki, koronavirus xəstəliyi artıq kəskin respirator virus infeksiyası (KRVİ) kimi davam edir və xəstələnsə də, qısa müddət ərzində sağalır. Amma unutmamalıyıq ki, xəstəliyin hətta yüngül halı belə, post-COVID sindromuna, 6 ay və daha çox davam edə bilən “uzunmüddətli COVID" adlanan sindroma səbəb ola bilər. COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Həmçinin profilaktika tədbirləri də dəyişməz qalıb", - deyə rəsmi açıqlamasında qeyd edib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev

Qəhrəman Haqverdiyev xəstəlikdən qorunmaq üçün əllərin tez-tez və düzgün yuyulması (ən azı 20 saniyə), sosial məsafənin saxlanması (təxminən 1,5-2 metr), insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması kimi prosedurların zəruriliyini növbəti dəfə xatırladıb.

Rəsmi yoluxma hallarının artmasının səbəblərini də açıqlayıb. O qeyd edib ki, artım bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə bağlıdır.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

XS
SM
MD
LG