Accessibility links

Tələbə təhsil hüququnun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən pozulduğunu deyir


Səfərbərlik və Hərbi Cidmətə Çağırış üzrə Dövlət Xidməti
Səfərbərlik və Hərbi Cidmətə Çağırış üzrə Dövlət Xidməti

Bakı Dövlət Universitetinin IV kurs tələbəsi İlham Əhmədov təhsil hüququnun pozulduğunu deyir. Onun sözlərinə görə, möhlət hüququnun davam etdirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinə ərizə və Bakı Dövlət Universitetindən təhsilini bitirmədiyinə dair arayışla müraciət etsə də, sənədləri qəbul etməkdən imtina edilir.

Tələbə iddia edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi ərizəni qəbul etmədiklərinə dair açıqlama vermək istəmir:

“Mənim hərbi xidmətdən yayınmaq kimi bir niyyətim yoxdur. İstəyim möhlət hüququnun davam etdirilməsidir və təhsilimi başa vurduqdan sonra hərbi xidmətə getməkdir. Şöbə rəisi məni həbslə hədələyir”.

Tələbənin sözlərinə görə, onun möhlət hüququnun davam etdirilməsi üçün qanuni əsaslar mövcuddur.

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsində ərizəni qəbul etməkdən imtina edildiyinə görə sənədlər poçt vasitəsilə həmin orqana göndərilib. Lakin etibarnamə ilə təmsilçim hüquqşünas Səməd Rəhimli ilə telefon danışığından imtina edilir”, deyə Əhmədov bildirib.

Tələbənin təmsilçisi hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, "Hərbi vəzifə və hərbi xidmət" haqqında Qanunun 21.1.4-cü maddəsi möhlət hüququnun "təhsilin bitirilməsi"nə qədər mövcudluğunu müəyyən edir. Hüquqşünas deyir ki, bu halda "təhsilin bitirilməsi" ifadəsinin normativ mənasının nə olduğu müəyyən edilməlidir:

“Həmin qanun buna anlayış vermir və bu halda "təhsilin bitirilməsi" ifadəsi göndərici xarakter daşıyır. Buna görə də həmin ifadənin aydınlaşdırılması üçün digər normativ hüquqi aktlara nəzər salmaq tələb edilir. Ali təhsillə əlaqədar belə hüquq norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4.3-cü bəndidir”.

Səməd Rəhimli deyir ki, normadan göründüyü kimi, kredit sistemində kredit üzrə akademik borcun qalması tələbə (təhsilalan) statusundan məhrum etmir və bu status tələbənin iradəsindən asılı olaraq davam etdirilir.

“Hazırda təhsili davam etdirməyə, yəni imtahanları verməyə dair tələbə iradəsi mövcuddur. Ona görə də tələbə statusu qaldığı üçün möhlət hüququ da qüvvədə qalır”, deyə hüquqşünas bildirib.

Rəhimlinin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin yeganə iradı bu hüquqdan qeyri-müəyyən müddətə sui-istifadə ediləcəyi ola bilər. Hüquqşünas deyir ki, sui-istifadə məsələsini sübut etmək öhdəliyi şöbənin üzərindədir:

“Sui-istifadə bəri başdan güman edilə bilməz (xoşməramlılıq prinsipi). Bu baxımdan əgər akademik borclar ağlabatan müddətdə ödənilməzsə yalnız bu məqamda sui-istifadədən danışmaq mümkündür. Hazırkı halda bu cür hal mövcud deyil”.

Hüquqşünas deyir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin yol verdiyi əsas qanunsuzluq ondan ibarətdir ki, onlar tələbənin qüvvədə olan möhlət hüququnu bitmiş sayırlar. Səməd Rəhimlinin sözlərinə görə, qanunun ağlabatan mənasına əsasən həmin möhlət qüvvədədir.

“Bu baxımdan Şöbənin yol verdiyi hərəkət tələbənin möhlət hüququnun pozuntusudur. Bundan əlavə, Şöbə prosessual pozuntuya yol verir. Çünki inzibati orqan kimi çağırışçının dinlənilmək hüququ var və o, çağırışa cəlb edilməsinin əleyhinə öz arqumentlərini (sübutlarını) təqdim edə bilər. Lakin Şöbə çağırışçının sənədlərini qəbul etməməklə onun dinlənilmək hüququnu pozur. Nəticə etibarilə, Şöbə həm maddi hüquq normaları baxımından qanunsuzluğa yol verir, həm də prosessual baxımdan”, deyə hüquqşünas bildirib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG