"Barış akademiyası" Azərbaycanda ilk dəfə olaraq sülh və sülh quruculuğu ilə bağlı dərslik olan “Sülh araşdırmalarına giriş” kitabını oxuculara təqdim edib. 12 ildir sülh quruculuğu sahəsində çalışan layihənin koordinatoru Həmidə Qiyasbəylinin sözlərinə görə, Azərbaycanda sülh quruculuğu uzun müddət davam etsə də, bu sahədə dərs vəsaiti yoxdur. Buna görə də onlar bu mövzuda kitab çap etmək qərarına gəliblər. Kitabda sülh quruculuğu, sülh yaratma prosesi və transformasiyası haqqında müxtəlif müəlliflərin nəzəriyyələri və fikirləri yer alır.
Həmidə Qiyasbəyli deyir ki, onlar "Sülh araşdırmalarına giriş" kitabı ilə vətəndaşları bu sahənin varlığı ilə tanış etmək, həmçinin bu prosesdə cəmiyyətin iştirakçılığını artırmağı hədəfləyirlər. Layihə koordinatoru qeyd edib ki, kitab ödənişsizdir, eləcə də "Barış akademiyası"nın saytından pulsuz olaraq endirmək mümkündür.