Accessibility links

Səhiyyə Nazirliyinin rəsmisi: Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli artım olacaq


Təyyar Eyvazov (Foto-miontaj Səhiyyə Nazirliynindir)
Təyyar Eyvazov (Foto-miontaj Səhiyyə Nazirliynindir)

"Azərbaycan koronavirusun yeni dalğasının başlanğıcındadır".

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində canlı yayımda deyib.

Onun fikrincə, yaxın vaxtlarda yoluxma hallarında xeyli artım olacaq.

"Hər birimiz müəyyən mənada risk qarşısındayıq. Xəstəliyin çox yayıldığı dövrlərdə pandemiya davranışı formalaşmışdı. Hər kəs öz risklərini müəyyənləşdirirdi. Qoruyucu tədbirlər hələ də öz qüvvəsindədir. Bir qədər arxayınlaşmışıq. Bu dalğa da uzun müddətli olmayacaq. Burada söhbət bir neçə həftələrdən gedir. Yaxınlarımızı qoruyaq. Qoruyucu tədbirlərə əməl etməklə pik dövrü rahat keçirək" , o qeyd edib.

"İnsanlara tövsiyə edirik ki, formalaşmış pandemiya vərdişlərini yenidən hiss edək. Bu dalğa uzunmüddətli olmayacaq. Burada bir neçə həftədən söhbət gedir. Arxayınlaşıb ətrafınızdakıları və özümüzü təhlükəyə atmayaq".

Onun dediyinə görə, bununla yanaşı Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir.

Təyyar Eyvazov xatırladıb ki, Azərbaycanın koronavirusla mübarizədə iki illik təcrübəsi var:

"İlk vaxtlarda xəstəliklə əlaqədar ən sərt tədbirlərin görülməsi pandemiya ilə bağlı məlumatların azlığından irəli gəlirdi. Ancaq bu gün görürük ki, Omikron ştamının yüksək yoluxduruculuq qabiliyyəti olsa da, ağır xəstələnmə hallarının sayı azdır. Karantin qaydalarının sərtləşdirilməsi ağır xəstələnmə hallarının çoxalması nəticəsində səhiyyə müəssisələrinin yüklənməsi ilə bağlı idi. Hazırda ağır xəstələrin sayı azdır. Hesab edirəm ki, pandemiya ilə əlaqəli sərt tədbirlərə getməyə ehtiyac yoxdur. Fikrimcə, hələlik buna ehtiyac duyulmur".

Onun sözlərinə görə, Azərbaycanda COVID-19-la əlaqəli epidemioloji vəziyyət hazırda qənaətbəxşdir.

"Bu gün üçün yalnız müvafiq qurumlar müəyyən tövsiyələr verir. Buraya qapalı məkanlarda maskadan istifadə, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara riayət edilməsi aiddir. Odur ki, sərt tədbirlərin olacağını düşünmürəm" , mütəxəssis-ekspert qeyd edib.

Xatırladaq ki, son günlər koronavirusa yoluxanların sayında bir neçə dəfə artım qeydə alınıb. Dünən yoluxanların sayı 257 nəfərə çatıb. Aktiv xəstə sayı 1000 nəfərdən çoxdur.

XS
SM
MD
LG