Accessibility links

Jurnalist və LGBTQI+ fəalı Əvəz Hafizlinin qətli ilə bağlı növbəti məhkəmə prosesi keçirilib


Jurnalist və LGBTQI+ fəalı Əvəz Hafizlinin qətli ilə bağlı keçirilən məhkəmənin önündə toplaşan fəallardan biri.
Jurnalist və LGBTQI+ fəalı Əvəz Hafizlinin qətli ilə bağlı keçirilən məhkəmənin önündə toplaşan fəallardan biri.

İyulun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist və LGBTQI+ fəalı Əvəz Şıxməmmədovun (Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhdud sayda insanın iştirak etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilib. Əmrulla Güləliyev bildirib ki, dəfələrlə Əvəz Hafizli ilə mübahisələri olub. Prosesdə təqsirləndirilən şəxsin ifadəsi elan olunub.

Məhkəmədə iştirak edənlərin sözlərinə görə, Güləliyev istintaq zamanı verdiyi ifadəsində qətli hadisədən 3 ay öncə planlaşdırdığını bildirsə də, məhkəmədə Hafizlinin öldürmək fikri olmadığını bildirib.

Məhkəmə iştirakçılarının bildirdiyinə görə, Əvəz Hafizlinin anası Cəmalə Şıxməmmədova Güləliyevin oğlunu yatan yerdə öldürdüyünü deyib və onun cəzalandırılmasını tələb edib.

Proses zamanı Əvəz Hafizlinin hüquqi varisi olan Təbriz Şıxməmmədovun tərəflərə barışıq təklif etdiyi bildirilir və əlavə edilir ki, bundan sonra prokuror Əvəz Hafizinin anası Cəmalə Şıxməmmədovaya oğlunun zərərçəkmişin hüquqi varisliyindən çıxarılmasını təklif edib. Şıxməmmədova bunun üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 25-də davam etdiriləcək.

Məhkəmə qarşısında toplaşan fəallar Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu və buna görə də onun qətlinin siyasi olduğunu deyirlər. Fəallar “Əvəzin qatili dövlətdir”, “Nifrət qətlləri siyasidir” yazılan plakatlar qaldırıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Əvəz Şıxməmmədov (Hafizli) bu ilin fevral ayında əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib. Təqsirləndirilən şəxs sərxoş olduğunu və aralarında yaranan mübahisə zamanı cinayəti törətdiyini bildirib.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən qətl hallarında insanın mənsubiyyətinə görə nifrət amili nəzərə alınmır.

Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirib.

XS
SM
MD
LG