İyulun 15-də "Müdafiə xətti" insan haqları təşkilatı iyun ayından insan hüquqlarının pozulması faktlarına dair növbəti hesabatı təqdim edib. Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, icmal dövrü hakimiyyətin tənqidçilərinə qarşı təzyiqinin artması ilə müşahidə olunub. Onun sözlərinə görə bundan əvvəl siyasətçi Tofiq Yaqubluya və ictimai fəal Bəxtiyar Hacıyevə işgəncə edilməsi faktı, jurnalist Aytən Məmmədovanın peşə fəaliyyətinə görə təzyiqə məruz qalması hələ də araşdırılmayıb:
“Hakimiyyət, hüquq mühafizə orqanları, prokurorluq, Daxili İşlər Nazirliyi qüvvədə olan qanunvericiliyə uyğun olaraq dəqiq, hərtərəfli, obyektiv və tam bir araşdırmanı ortaya qoymur. Azərbaycan hüquq mühafizə orqanlarının kifayət qədər müasir alət və vasitələri var ki, qeyd etdiyim və etmədiyim digər cinayətlərlə bağlı cəmiyyəti qane edəcək səviyyədə obyektiv bir araşdırmanı meydana qoysunlar”, deyə o, bildirib.
Rüfət Səfərov hüquq mühafizə orqanlarının siyasi rejimin əlində alət olmaqda ittiham edib. Təşkilatın icraçı direktoru bildirib ki, sadalanan problemlərlə bağlı hakimiyyətin qərarı olmalıdır ki, hüquq mühafizə orqanları işə keçsinlər.
“Müdafiə Xətti” konfransda Sabirabad Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran İkinci Qarabağ Müharibəsi iştirakçısı Elvin Cəfərovun işinə, həmçinin "Tərtər işi" ilə bağlı araşdırma aparan ictimai fəal və bloger Abid Qafarovun diffamasiya ittihamı ilə bir il azadlıqdan məhrum edilməsinə, Almaniyadan Azərbaycana geri göndərilən mühacirlərin həbsinə də toxunub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov Azərbaycanda məhkəmələrin müstəqil olmamasından, hakimiyyətin əlində vasitə olmasından və hüquq müdafiəçilərinin açıq məhkəmə proseslərinə buraxılmamasından da danışıb:
“Azərbaycan hakimiyyətinə həm təklif edirik, həm də tələb edirik ki, ölkədəki hakimiyyətlər arasında balans, bərabərlik qorunsun. Xüsusilə də, məhkəmələrin müstəqilliyi və sərbəstliyi təmin edilsin, siyasi və vicdan məhbusların azadlığı tezliklə təmin olunsun. Nəhayət, bu diyarda hüquqi və siyasi irəliləyişlərə yer verilməlidir. İnsanlar rəyinə, fikrinə və düşüncəsinə görə təqib edilməli deyil”.
Rəsmi qurumlar bu hesabatla bağlı hələlik, şərh verməyiblər.
Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların fundamental hüquqlarının qorunduğunu bildirir.