Accessibility links

İlham Əliyev büdcəyə dəyişiklikləri təsdiqləyib


Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 min 800 min manat təsdiq edilib.

Bu ilin büdcəsinə Milli Məclis ötən həftə dəyişiklik edib. Onda gəlirlər 26 milyard 816 milyon, xərclər 29 milyard 879 milyon manat idi.

Yeni sənəddə neftin bir bareli $45 dollardan $85 dollara qaldırılıb.

İqtisadçı ekspert Qubad İbadoğlu Amerikanın Səsinə bildirib ki, büdcəyə edilən dəyişikliyin əhalinin rifahına və gəlirlərinə müxtəlif təsirləri olacaq. O deyib ki, dəyişiklik inflyasiya artırıcı təsirləri labüd edir.

“Çünki büdcə böyüyür. Xüsusilə də nəzərə alsaq ki, xərclər gəlirlərə nisbətən daha çox artır. Büdcə kəsiri də çoxalır. Belə olanda bu inflyasiya yaradan amillərin siyahısına daxil ola bilər. Digər bir tərəfdən büdcədən ən çox pay götürən müdafiə və milli təhlükəsizlik xərcləri olacaq. Müdafiə və milli təhlükəsizlik xərcləri də iqtisadiyyatda əlavə dəyər yaratmır. Yəni bu bir növ iqtisadi artımı stimullaşdırmır. Bu baxımdan neqativ təsiri var. Başqa bir təsiri isə hesab edirəm ki, investisiya xərclərinin artırılması ilə bağlıdır. İkinci pay götürən büdcədən işğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işlərinə vəsaitin artırılmasıdır. 470 milyon manat. Təsdiq olunmuş büdcə ilə müqayisədə bu məqsəd üçün əlavə vəsait ayrılacaq. Yəni əslində mən sizə deyim ki, korrupsiyanın çiçəklənməsinə xidmət edəcək. Təəssüflər olsun ki, birbaşa əhalinin gəlirlərinin artırılması, yoxsulluğun azaldılması proqramlarına yönəldilmiş vəsait barəsində danışmaq mümkün deyil.”

Qubad İbadoğlu: Yeni düzəliş edilmiş büdcədən ən az pay götürən təhsil, səhiyyə, sosial müdafiə və təminat xərcləridir
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Ekspert bildirir ki, yeni düzəliş edilmiş büdcədən ən az pay götürən təhsil, səhiyyə, sosial müdafiə və təminat xərcləridir.

“Hətta mən sizə deyim ki, səhiyyə xərcləri ümumiyyətlə pay götürməyib. Səhiyyə xərclərini əvvəlki təsdiq olunmuş büdcə ilə müqayisədə azaldıblar. Təhsil xərcləri cəmi iki faiz, sosial müdafiə və təminat xərcləri isə 2,4 faiz artıb. Daha çox sərmayə gedir müdafiə sənayesinə, tikinti, bərpa işlərinə. Bu da qeyd elədiyim kimi korrupsiyanı stimullaşdırır. Çünki hər iki sektorda korrupsiya potensialı yüksəkdir. Amma istənilən halda büdcə kəsirinin böyük olması əlavə vəsait mənbələrinə ehtiyac yaranması, büdcə xərclərinin gəlirlərini üstələməsi son nəticədə həm də inflyasiya artırıcı amilləri fəallaşdıracaq.”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Turan agentliyinə bildirib ki, büdcədə götürülən neftin qiyməti sadəcə texniki parametrdir.

“İstənilən halda bu pullar Azərbaycan iqtisadiyyatına gəlir. Onlar ya birbaşa büdcəyə gəlir, ya da qızıl rezervimizə daxil olur. Ehtiyac yaranarkən həmin pullar rezervdən büdcəyə köçürülür,” deputat qeyd edib.

XS
SM
MD
LG