Accessibility links

Su hövzələrindən 133 min metr uzunluğunda sintetik tor yığılıb


Sintetik tor
Sintetik tor

Son günlərdə Xəzər dənizi akvatoriyasının sahilboyu ərazilərindən, Kür, Araz, Alazan çaylarından, Sarısu gölündən, Mingəçevir, Şəmkir, Aşıqbayramlı, Nohurgöl su anbarlarından və digər daxili su hövzələrinin mühafizə zolağından 360 kiloqramdan çox bərk məişət tullantısı (əsasən plastik qablar) və 4 min 200 metr uzunluğunda sintetik tor yığışdırılaraq tullantı poliqonlarına daşınıb.

Bu barədə Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin iyulun 2-də yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilir ki, balıqların kürütökmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilmiş moratoriumun qüvvədə olduğu nəzərə alınaraq sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər arasında maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri barədə izahat işləri həyata keçirilib.

Məlumatda deyilir ki, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində istifadəsi qanunla qadağan edilmiş 133 min metr uzunluğunda sintetik tor, ov alətləri zərərsizləşdirilib, qanunsuz balıq ovu ilə məşğul olan 953 nəfər saxlanılıb, 326 fakt üzrə cinayət işi qaldırılıb.

Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxsləri balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən çəkinməyə, balıq ovu ilə bağlı qanunvericiliyin və müvafiq qaydaların tələblərinə ciddi əməl etməyə, eyni zamanda, su hövzələrini çirkləndirməməyə çağırır.

Azərbaycan Milli Elmlır Akademiyasının tədqiqatlarına görə, yalnız çaylar vasitəsilə hər il Xəzərə 40–45 kub kilometr çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10–11 santimetrə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən dənizə axıdılan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir.

XS
SM
MD
LG