Ukrayna və Moldovaya Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilib. Qərar iyulun 23-ü Avropa İttifaqı sammitində qəbul edilib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bunu tarixi qərar adlandırıb: “Tarixi razılaşma, tarixi qərar. Bugün biz Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaqla bağlı qərar verdik. Ukrayna və Moldovaya namizəd statusu verdik”.
Ukrayna prezidenti Volodimir Zelenski sammitin qərarını alqışlayıb və bunu Ukrayna-Aİ münasibətlərində unikal an adlandırıb.
Ukrayna və Moldovaya namizəd statusunun verilməsini Avropa Parlamenti də böyük səs çoxluğu ilə dəstəkləyib.
Siyasi şərhçi Arif Yunus Ukrayna və Moldovanın Avropa İttifaqına üzv olma prosesinin hələ uzun illər çəkəcəyini, bunun üçün hər iki ölkədə köklü islahatlara ehtiyac olduğunu deyir:
“Bu qərar daha çox siyasi qərar xərakteri daşıyır. Yəni faktiki olaraq Avropa İttifaqı Ukrayna və Moldovanı qorumaq üçün bu statusu verib. Bu, Moskvaya mesajdır ki, sabah bu ölkələr lazım olsa, 10-15 il yox, daha tez bir zamanda Avropa İttifaqına qəbul oluna bilərlər. Onda avtomatik digər məsələr də həllini tapacaq və onlar NATO-ya üzv qəbul olunacaqlar”.
Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana hələlik namizəd statusu verilməyib. Şar Mişel Gürcüstanın Avropa perspektivini tanıdıqlarını, Tbilisi bir sıra şərtləri yerinə yetirdikdən sonra Gürcüstana da namizəd statusunun veriləcəyini bildirib.
Azadlıq qəzetinin redaktoru, siyasi şərhçi Rahim Hacıyev bunu Gürcüstanda son illərdə baş verən demokratik geriləmə ilə izah edir:
“Son illərdə Gürcüstan hökümətinin demokratik dünya ilə kifayət qədər problemləri olub. Bu fonda ölkədə demokratiya ilə bağlı çox ciddi problemlər yaranıb. Eyni vəziyyət etiraf etməliyik ki, Moldovada və Ukraynada yoxdur. Ona görə obyektiv olaraq Avropa İttifaqı bu dəfə Gürcüstana yox deməyə məcbur oldu. Amma eyni zamanda onu da bildirdilər ki, Gürcüstanın belə bir perspektivi qalır”.
Ukrayna, Moldova və Gürcüstan bu il fevarlında Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından sonra Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etmişdi.