Accessibility links

Bayden müharibə ilə bağlı qiymət artımı fonunda ABŞ-da benzinə verginin azaldılmasına çalışır


Bayden müharibə ilə bağlı qiymət artımı fonunda ABŞ-da benzinə verginin azaldılmasına çalışır
please wait

No media source currently available

0:00 0:03:43 0:00

Bayden müharibə ilə bağlı qiymət artımı fonunda ABŞ-da benzinə verginin azaldılmasına çalışır

Ukraynada dördüncü aydır davam edən münaqişə prezident Co Baydenin Amerika istehlakçıları üçün “Putinin qiymət artımı” adlandırdığı yanacaq qiymətlərində artımdan tutmuş qlobal ərzaq böhranına qədər dünya miqyasında təsirlərə malikdir. Ağ Ev hazırda əsas diqqəti müharibənin dünya boyu yanacaq və ərzaq qiymətlərinin artması kimi təsirlərinə yönəldib. Prezident Bayden gələn həftə Böyük Yeddilər və NATO liderlərinin sammitində, eləcə də Yaxın Şərqə səfəri zamanı müharibənin təsirlərinin aradan qaldırılması üçün addımlar atacağını deyib.

Prezident Co Bayden bildirib ki, o, insanların yanacaq və ərzaq kimi əsas ehtiyaclara daha çox pul xərcləməyi sevmədiyini başa düşür, lakin ağrılı qiymət artımları dünyanın o biri tərəfində qəddar münaqişənin - Rusiya prezidenti Vladimir Putinin Ukraynada davam edən hücumunun qaçılmaz nəticəsidir.

“Biz Rusiya neftinin ABŞ-a daxil olmasının qarşısını aldıq və Avropadakı tərəfdaşlarımız da yanacaq qiymətlərinin yüksələcəyini bilə-bilə eyni şeyi etdilər. Biz Putinin ölüm gətirən fəaliyyətlərinə göz yuma bilərdik və benzinin qiyməti indi olduğu kimi qalxmazdı. Mən hesab edirəm ki, bu, səhv olardı,” prezident Bayden bildirib.

Münaqişə fonunda yanacaq qiymətləri qismən Rusiya nefti və mallarına tətbiq edilən sərt sanksiyalara, eləcə də tədarük zəncirləri və məhsuldarlığın pozulmasına gətirib çıxaran qlobal pandemiyaya görə dünya miqyasında artıb.

Bayden qlobal neft kartelini təchizatı artırmağa çağırmaq üçün iyul ayında Səudiyyə Ərəbistanı liderləri ilə görüşəcək. Ölkə daxilində isə o, Konqresi benzinə federal vergini, ştatları isə yanacağa vergiləri dayandırmağa çağırır.

Baydenin Respublikaçı opponentləri buna qarşı olduqlarını deyirlər.

“Administrasiyanın hazırladığı əlbəttə ki, daha bir fənddir, başqa bir “yara sarğısıdır” ​və onlar bunun Konqresə gələndə “ölü” olduğunu bilirlər,” Respublikaçı Senator Con Tun deyib.

Putin də belə görünür geri çəkilmir.

“Biz fəxr edirik ki, xüsusi əməliyyat zamanı döyüşçülərimiz əsl qəhrəmanlar kimi cəsarətlə, peşəkarcasına hərəkət edirlər. Müxtəlif millətlərdən olan rusiyalı döyüşçülər çiyin-çiyinə vuruşurlar. Bu bölmədə öz işinin doğruluğuna inam, əsgərlərimizin hiss etdiyi böyük xalq dəstəyində Rusiyanın böyük yenilməz gücü dayanır,” Rusiya prezidenti bildirib.

Təhlilçilər bildirirlər ki, Baydenin diqqətini müharibənin iqtisadi təsirinə yönəltməsi ictimai dəstəyi saxlamaq üçün çox vacibdir.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Katlin Makkinnis: “Baydenin Putinin qiymət artımlarına diqqət yetirməsi çox məntiqlidir. Çünki müharibə davam etdikcə biz onun müxtəlif NATO ölkələrinin iqtisadiyyatlarına müxtəlif yollarla necə təsir etdiyini görürük. Burada ABŞ-da yanacaqdoldurma məntəqələrində qiymətlərin artması əsas məsələlərdən biridir. Müharibəyə dəstəyi necə saxlaya bilərsiniz? Müharibə davam etdikcə və insanlar bunu fərqli şəkildə, cüzdanlarında hiss etməyə başlayanda ictimaiyyətimizi buna necə razı sala bilərsiniz? Bu, NATO və ABŞ üçün böyük problemdir”.

Ağ Ev bildirir ki, yüksək qiymətlər müharibənin yeganə təsiri deyil: Rusiyanın həmçinin Ukrayna taxılının ixracını əngəlləməsi Afrikaya qədər bütün dünyada problemin yaranmasına səbəb olub. Bunun dünyanın yeddi ən zəngin ölkəsinin liderlərinin gələn həftə Almaniyada görüşü zamanı diqqət mərkəzində olacağı gözlənilir.

“Prezident Putin ərzağı silaha çevirir. Gəlin bunu adı ilə çağıraq: O, ərzaqdan silah kimi istifadə edir. O, Qara dənizdə blokada yaradıb ki, dəniz yolu ilə heç bir şey çıxarılmasın, bu isə Ukraynanın tarixən öz taxılını bazarlara çatdırdığı yoldur. Buna görə də prezident bunu başqa quru yollarla edib-edə bilməyəcəyimizi müəyyən etmək üçün dünya liderləri ilə işləyir,” Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Ukrayna prezidenti ölkənin Rusiya qüvvələrinə qarşı mübarizəni davam etdirdiyi vaxt bu dəstəyin əhəmiyyəti olduğunu deyib.

“Minlərlə insanın həyatı birbaşa tərəfdaşlarımızın Ukraynaya kömək etmək haqda qərarlarını necə sürətlə həyata keçirməsindən asılıdır,” Volodimir Zelenski bildirib.

Lakin müharibə beşinci aya keçdikcə ən yüksək qiyməti adi insanlar ödəyir.

XS
SM
MD
LG