Azərbaycan növbəti Formula 1 yarışlarına ev sahibliyi edib. Pandemiya səbəbindən 2020-ci ildə təxirə salınan, sonrakı ilsə tamaşaçısız keçirilən bu yarışın Bakı mərhələsi iyunun 12-də yekunlaşıb.
Yarışlara görə şəhərin mərkəzi küçələrində səkilər hasarlanıb, yollar bağlanıb. 6 iyun gecə yarısısından etibarən Bakı şəhər halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Halqaya daxil olan ərazilər - Azadlıq meydanı, İçərişəhər, BMT-nin 50 illiyi küçələridir.
Bakı sakinlərinin Formula 1 yarışlarına münasibəti birmənalı deyil. Tıxaclar səbəbindən yarışı gərəksiz hesab edənlər də var, turizm üçün faydalı olduğunu düşünənlər də.
Bakı sakini Şəfa Həsənova şəhərdə yaranmış tıxaclardan narazılıq edir:
"Beş ildən çoxdur artıq Azərbaycanda Formula 1 yarışları keçirilir. Mənə görə, 1-2 il haradasa olardı bu yarışı davam etdirmək. Amma davamlı şəkildə 5 ildir bu yarışın keçirilməsi bir az artıqdır Azərbaycan kimi ölkədə. Çünki ən çox tıxaclara görə vətəndaşlar üçün çox problem yaradılır".
Bakı sakini Ağaəli Şahnəsirov isə bu yarışların turizmin inkişafına dəstək verdiyini düşünür:
"Formula 1 Azərbaycan üçün çox mühüm olmasa da, turizm cəhətindən inkişaf etdirir. Nə qədər müddət bundan əvvəl baxırdıq ki, Azərbaycanda turist görmürdük. Amma indi çox turistləri Azərbaycanda görürük. Və bu da bizi turizm cəhətdən inkişaf etdirir".
Keçən ildəkindən fərqli olaraq, budəfəki yarış tamaşaçıların iştirakı ilə keçirildiyi üçün bulvar boyu tribunalar quraşdırılıb.
Şəhərə yarışları izləmək üçün gələn turistlər Bakıda keçirilən yarışların sürəti hiss etmək üçün uyğun seçim olduğunu düşünürlər.
Yarışı izləmək üçün Türkiyədən gələn Kerem Karadeli deyir ki, Bakı şəhər halqası sürət sevənlər üçün idealdır. Turist Aydın Efe də Bakıda keçirilən Formula-1 yarışlarından məmnunluğunu izhar edir.
Yollarda hərəkət 14 iyundan bərpa olunmağa başlayacaq.
Azərbaycan Formula 1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir.