Accessibility links

Zümrüd Yağmur: "Biz məntiqi səbəbini tapa bilmirik ki, niyə məhkəmə bu qədər yubadılır"


Zibeydə Sadıqova və Zümrüd Yağmur
Zibeydə Sadıqova və Zümrüd Yağmur

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetmə Sənay Yağmuru təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin işi üzrə məhkəmə prosesi keçirilib.

Ağazadə 2021-ci ilin oktyabrında şübhəli şəxs qismində saxlanılıb və ona qarşı zorlama ittihamı ilə cinayət işi açılıb. Bu iş üzrə məhkəmə 2022-ci ilin yanvar ayından bəri keçirilir. Zərərçəkmişin anası Zümrüd Yağmur narazılıqlarını ifadə etmələrinə baxmayaraq, məhkəmənin yubadıldığını bildirir:

“Biz məntiqi səbəbini tapa bilmirik ki, niyə məhkəmə bu qədər yubadılır və bununla artıq üçüncü məhkəmə iclasıdır ki, dindirilməli olan şahidlər məhkəməyə gətirilmir. Əgər şahidlər gəlmirsə, onların məcburi gətirilməsi haqqında qərar verilməlidir. Lakin hakim belə bir qərar vermir və məhkəmə uzadılır.”

Sənay Yağmurun vəkili Zibeydə Sadıqova bildirib ki, bu gün məhkəmədə şahid qismində ekspertiza aparan Elşən Məmmədov dindirilib. Şahid yeniyetmənin alt paltarlarında üçüncü dəfə keçirilən ekspertiza ilə bağlı rəy bildirib.

“Yeniyetmənin paltarında 3 dəfə ekspertiza aparılıb, ancaq lazimi hissələr kəsilib götürüldüyünə görə paltarlarda həmin hissələrin az hissəsi qalıb. Ekspert dedi ki, üçüncü ekspertizada həmin hissələrdə təqsirləndirilən şəxsə aid biomaterial tapılmayıb. Lakin birinci ekspertizada biomateriallar təqsirləndirilən şəxsin qan qrupu ilə tutuşmuşdu, amma genetik ekspertiza aparılmamışdı, birinci aparılan ekspertiza bioloji ekspertiza idi. Genetik ekspertizanı aparmaq üçün biomateriallar kifayət qədər çox deyildi”, deyə, vəkil bildirib.

Məhkəmədə təqsirləndirilən Əsgər Ağazadənin bibisi oğlu və onun sevgilisi şahid qismində dəvət olunublar, lakin Zibeydə Sadıqovanın sözlərinə görə, qarşı tərəfin vəkili bu şahidlərin məhkəməyə gəlməyəcəyini deyib.

Müdafiə tərəfi yeniyetmənin təcavüzə məruz qalmaqdan öncə onun içkisinə narkotik vasitə qatıldığını və həmin narkotik vasitəni Əsgər Ağazadəyə bibisi oğlunun gətirdiyini iddia edir. Sənay Yağmurun vəkilinin sözlərinə görə, məhz buna həmin şəxsin məhkəmədə şahid qismində iştirakı müdafiə tərəfi üçün önəmlidir.

2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.

Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Təqsirləndirilən şəxsin vəkili Vüqar Xasayev isə hər hansı zorakılıq aktının baş vermədiyini bildirib.

XS
SM
MD
LG