Accessibility links

Azərbaycan və ABŞ prezidentlərinin köməkçiləri görüşüb


Azərbaycan və ABŞ prezidentlərinin köməkçiləri Hikmət Hacıyev və Ceyk Sallivan
Azərbaycan və ABŞ prezidentlərinin köməkçiləri Hikmət Hacıyev və Ceyk Sallivan

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 6-da Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Bu barədə Hikmət Hacıyev twitter hesabında yazıb.

“Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu,” o qeyd edib.

Ağ Evin məlumatında deyilir ki, görüşdə ABŞ və Azərbaycan arasında əlaqələrin 30 illik yubileyi alqışlanıb və tərəflər ikitərəfli əlaqələri daha da dərinləşdirməyə hazır olduqlarını bəyan edib.

"Görüşdə Rusiyanın əsassız təcavüzünə cavab olaraq Ukrayna xalqına kömək etmək üçün birgə öhdəlikləri müzakirə ediblər.

Cənab Sallivan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli sadiqliyini yüksək qiymətləndirib və regional enerji təchizatının daha da şaxələndirilməsi səylərini müzakirə edib.

Hər iki tərəf Ukraynadakı münaqişənin daha geniş region üçün təsirləri ilə bağlı öz perspektivlərini bölüşüb.

Cənab Sullivan ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və firavanlığa sadiqliyini çatdırıb. O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi istiqamətində mühüm və tarixi diplomatik səyləri yüksək qiymətləndirib.

Cənab Sullivan Avropa Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi etdiyi danışıqlara dəstəyini ifadə edib. O, ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri kimi müxtəlif vasitələrlə yaxından əlaqə saxlamağa və tərəqqiyə dəstək verməyə hazır olduğunu bildirib," Ağ Evin məlumatında qeyd edilir.

XS
SM
MD
LG