Accessibility links

Zəncan həbsxanasında bir məhkum asılıb


Hüquq müdafiəçiləri İranın Zəncan vilayətinin mərkəzi Zəncan şəhərində bu yaxınlarda 40 yaşındakı bir kişinin dar ağacından asıldığına dair məlumat yayıblar.

Norveçdə qərargahlanan İran İnsan Haqları təşkilatı (IHR) əslən Şərqi Azərbaycan vilayətinin Sərəskənd (Həştrud) şəhərindən olan və qətl ittihamı ilə mühakimə edilmiş məhkumun adını Əkbər Həsənli olaraq açıqlayıb.

Hüquq müdafiə təşkilatının xəbərinə görə, Həsənlinin qisas hökmü keçən həftə Zəncan şəhərinin mərkəzi həbsxanasında tətbiq edilib.

“Əkbər Həsənli 4 il idi Zəncan həbsxanasında saxlanılırdı. O, həbs edilmədən əvvəl inşaat işçisi idi,” IHR bildirib.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

IHR-nin Fransada qərargahlanan Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatının (ECPM) dəstəyi ilə hazırlayıb və keçən aprel ayında yayımladığı hesabata görə, İranda bəluçlar başda olmaqla qeyri-fars icmalar arasında ölüm cəzası statistikası həddən artıq yüksəkdir. Həmin hesabata əsasən, 2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında Azərbaycan türklərinin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutur.

XS
SM
MD
LG